Natiq Məmmədli: “Vətən müharibəsində Azərbaycanın səsi dünyanın hər yerindən eşidildi”

Azərbaycan jurnalistikası Vətən müharibəsində böyük sınaqdan keçdi.

Bunu Azərbaycan Media və Yayım Şurasının şöbə müdiri Natiq Məmmədli Şuranın təşkilatçılığı ilə “Azərbaycan mediasının Vətən müharibəsi salnaməsi” mövzusunda keçirilən tədbirdə deyib.

O, başda Ali Baş Komandan İlham Əliyev olmaqla, əsgərlərimizə və qazilərimizə minnətdar olduğumuzu deyib:

"Vətən müharibəsi dövründə Azərbaycan jurnalistikası da şəhidlər verdi. 2020-ci ildə Vətən müharibəsində qazanılan Şuşa zəfərindən sonra öz peşə borclarını yerinə yetirərkən Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov şəhid oldular”.

Natiq Məmmədli əlavə edib ki, Vətən müharibəsində 40 yaşdan yuxarı jurnalistlərimiz könüllü cəbhəyə yollanıblar: "Onların bəzilərinin səhhətində problemlər var idi. Buna baxmayaraq, ön cəbhəyə yollandılar".

Natiq Məmmədli bu il zəfərimizin altıncı ili olduğunu qeyd edib: "Vətən müharibəsi zamanı cənab Prezident İlham Əliyev 30-dan çox ölkənin mediasına müsahibələr verdi. Birinci Qarabağ müharibəsində biz təklənmişdik, səsimiz eşidilmirdi, Azərbaycan informasiya blokadasında idi. İkinci Qarabağ müharibəsində isə Azərbaycanın səsi dünyanın hər yerindən eşidildi".