Avstraliyada uşaqların sosial şəbəkələrdən istifadəsinə qoyulan qadağa narazılıq yaratdı

Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab açmasına qoyulan qadağanın konstitusiyaya uyğunluğu Ali Məhkəmədə müzakirə olunur.

Xarici mediaya istinadən, ötən il qüvvəyə minən qanuna qarşı iki konstitusion şikayət irəli sürülüb. Hökumət isə qadağanın uşaqların inkişaf etməkdə olan beynini qorumaq üçün zəruri olduğunu bildirərək məhkəmədə qanunu müdafiə edir.

Hökumətin hüquqşünası Coanna Devidson məhkəmə iclasında sosial media platformalarının dizayn xüsusiyyətlərinin uşaqlar üçün yaratdığı risklərə diqqət çəkib. O, bu risklərin qarşısının alınması baxımından məhdudiyyətlərin vacibliyini əsaslandırıb.

Qeyd edək ki, dünyada ilk dəfə Avstraliyada tətbiq edilən qadağa Reddit, Facebook, Instagram, Kick, Snapchat, Threads, TikTok, X, YouTube və Twitch platformalarını əhatə edir.

Qanuna əsasən, 16 yaşdan kiçik şəxslərin bu platformalarda hesab sahibi olması qadağandır. İki gün davam edən məhkəmə dinləmələri çərşənbə axşamı başlayıb. Ali Məhkəmənin qadağanın konstitusiyaya uyğunluğu ilə bağlı yekun qərarının bir neçə aydan sonra açıqlanacağı gözlənilir.