Alimlər Yaponiyanın “Hayabusa2” missiyası ilə Yerə gətirilən Ryugu asteroidinin nümunələrində DNT və RNT-nin tərkibinə daxil olan beş əsas azotlu birləşməni aşkar ediblər.
“Nature Astronomy” jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, asteroid nümunələrində adenin, quanin, sitozin, timin və urasil müəyyən edilib. Bu molekullar genetik məlumatın saxlanması və ötürülməsində mühüm rol oynayır.
Tədqiqatçılar hesab edirlər ki, həyatın yaranması üçün zəruri olan əsas üzvi birləşmələr Yer üzündə ilk canlılar meydana çıxmazdan əvvəl kosmosda formalaşıb.
Bununla belə, alimlər vurğulayırlar ki, bu kəşf həyatın kosmosda yarandığını sübut etmir. O, yalnız genetik materialın əsas kimyəvi komponentlərinin Yer kürəsindən kənarda mövcud ola bildiyini göstərir.