"Ərazilərimizin azad edilməsindən sonra Azərbaycan işğal dövründə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması üçün genişmiqyaslı və iddialı bərpa proqramına başlayıb. Demək olar ki, hər şeyin sıfırdan yenidən qurulması tələb olunurdu: yollar, xəstəxanalar, məktəblər, yaşayış binaları və normal həyat üçün zəruri olan bütün infrastruktur".
"Report"a istinadən, Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov 8 Noyabr – Zəfər Günü münasibətilə Zaqreb şəhərində keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, genişmiqyaslı mina çirklənməsi yenidənqurma işlərinin və əhalimizin təhlükəsiz qayıdışının qarşısında duran ən böyük maneələrdən biri olaraq qalır:
"Minalar hələ də insanların həyatını təhlükə altına qoyur, inkişafı ləngidir və bir çox ailənin doğma yurdlarına qayıtmasına mane olur. Xorvatiyalı dostlarımızın öz təcrübələrindən bildiyi kimi, minalardan təmizləmə son dərəcə mürəkkəb, uzunmüddətli və böyük resurslar tələb edən prosesdir. Bu proses beynəlxalq əməkdaşlıq və dəstək tələb edir. Buna görə də bu sahədə Xorvatiya ilə sıx əməkdaşlığımızı yüksək qiymətləndiririk.
Tarix boyu hər iki xalqımız münaqişələrin, məcburi köçkünlüyün və müharibədən sonrakı bərpa prosesinin dağıdıcı nəticələrini yaşamaqla olduqca oxşar yollardan keçib. Bu ortaq təcrübələr təbii olaraq qarşılıqlı anlaşma və həmrəyliyi gücləndirir, ölkələrimizin bu gün malik olduğu səmimi dostluq və strateji tərəfdaşlıq münasibətləri üçün möhkəm zəmin yaradır".