Payız-qış mövsümündə immun sistemini dəstəkləmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur.
Həkimlər xüsusilə orqanizmin ehtiyac duyduğu vitamin və mineralların təbii qidalar vasitəsilə qəbul edilməsinin əhəmiyyətini vurğulayırlar.
Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov “Lenta.ru”ya açıqlamasında danışıb.
Mütəxəssisin sözlərinə görə, immuniteti gücləndirməyə qışda deyil, daha çox yay aylarından başlamaq məsləhətdir. Əgər insan əvvəlki qış mövsümündə tez-tez xəstələnibsə, ilk növbədə həkimə müraciət edərək müayinədən keçməlidir.
İmmunoloq bildirib ki, müayinələr zamanı bəzən gizli şəkərli diabet kimi sağlamlıq problemləri də aşkarlana bilər. Buna görə də immun sistemini dəstəkləmək üçün atılacaq ilk addım orqanizmdə hər hansı pozuntunun olub-olmadığını müəyyənləşdirməkdir.
Jemçuqovun sözlərinə görə, müayinələr ciddi problem olmadığını göstərərsə, növbəti mərhələdə kontrast duşdan istifadə etmək olar. Lakin bu vərdişə yay aylarından başlamaq və orqanizmi tədricən alışdırmaq tövsiyə edilir.
Həkim qeyd edib ki, indiyədək kontrast duş qəbul etməyənlərin soyuq mövsümdə buna başlaması məqsədəuyğun deyil. Hazırda immun sistemini dəstəkləməyin daha sadə yolu kimi polivitaminləri və təbii meyvə-giləmeyvələri göstərib.
İmmunoloq xüsusilə feyxoanı tövsiyə edib
Mütəxəssis mövsümi məhsullar arasında feyxoaya xüsusi diqqət çəkib. Onun sözlərinə görə, bu meyvədən ev şəraitində faydalı qarışıq hazırlamaq mümkündür.
Həkim feyxoanın şəkərlə qarışdırılaraq saxlanmasını təklif edib. Bunun üçün bir kiloqram feyxoa bir kiloqram şəkərlə ətçəkən maşından keçirilməli və soyuducuda saxlanmalıdır. İmmunoloq qarışıqdan gündə iki çay qaşığı istifadə etməyi məsləhət görüb.
Bununla belə, qeyd etmək lazımdır ki, heç bir meyvə, vitamin və ya qida qarışığı xəstəliklərdən tam qorunmağa zəmanət vermir. Polivitaminlərdən istifadə də fərdi ehtiyaclara uyğun olmalı, xüsusilə xroniki xəstəliyi olan şəxslər həkimlə məsləhətləşməlidirlər.