"Norveçdəki oyun “Sabah” üçün çox ağır olacaq, həddindən artıq çətin keçəcək. Hətta deyərdim ki, bu, komandanın indiyədək Çempionlar Liqasında keçirdiyi ən ağır oyun olacaq. Çünki “Sabah” artıq Çempionlar Liqasının ağırlığını, yükünü hiss edib. Bunu Azərbaycan çempionatındakı oyunlarda da görürük. “Turan Tovuz”la qarşılaşmada gördük ki, “Sabah” fiziki cəhətdən oyunun öhdəsindən gələ bilmədi. Ola bilsin ki, futbolçular qüvvələrini Çempionlar Liqası üçün qoruyurlar. Həmin oyunda da yorğunluğu hiss etdik və bu problemi gördük".
Bunu açıqlamasında idman jurnalisti Natiq Muxtarlı Azərbaycan çempionu "Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turu çərçivəsində Norveçin "Vikinq" (Viking FK) klubu ilə gözlənilən qarşılaşmasından danışarkən bildirdi.
Onun fikrincə, bütün hallarda Norveçdəki oyun və onun şərtləri “Sabah” üçün əlverişli deyil:
"Sərt iqlim şəraiti, süni örtüklü meydança və Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq qarşılaşma komanda üçün ciddi çətinlik yaradacaq. Bu, “Sabah” üçün həddindən artıq çətin oyun olacaq. “Sabah”ın oyunlarına baxdıqca düşünürəm ki, komanda artıq hansı səviyyəli turnirdə və hansı rəqiblərə qarşı oynadığını hiss edir. Artıq bu tempə çatmaqda çətinlik çəkir. Bu, görünür. Bunun isə baş məşqçinin günahı olduğunu düşünmürəm. Bu, Çempionlar Liqasının ağırlığıdır. Bunu vaxtilə Qurban Qurbanov da deyirdi. Biz isə onun sözlərinə etinasız yanaşırdıq. Elə bilirdik ki, Azərbaycan çempionatından çıxan komanda Çempionlar Liqasında istənilən rəqibə qalib gələ bilər. Əslində, biz bu turnirin yükünü tam dərk etmirik. Azarkeşlərin düşüncəsi də belədir. Çempionlar Liqasının necə bir turnir olduğunu, burada komandaların hansı güc hesabına mübarizə apardığını tam başa düşmürük. Artıq “Sabah”ın Çempionlar Liqasında keçirdiyi üç oyundan sonra komandanın gücünün tükəndiyini hiss edirəm. Ona görə də qarşıdakı oyun çox çətin olacaq. Bu qənaətə gəlməyimin əsas səbəbi “Turan Tovuz”la qarşılaşmadakı performansdır. Çünki həmin oyunda yorğun “Sabah” gördüm".
Müsahibimiz qeyd etdi ki, Norveç komandaları da öz meydanlarında çox amansız olurlar:
"İstər “Bodo-Qlimt”ə, istərsə də “Vikinq”in özünə baxın. Hətta “Bavariya” da orada həmin komandanı məğlub edə bilməyib. Çox çətin olacaq, həddindən artıq çətin olacaq. Açığı, “Sabah”ın Norveçdən xalla qayıdacağını düşünmürəm. Çempionlar Liqasının ağırlığı məhz burada özünü göstərir. Güman edirəm ki, bundan sonra hər oyundan sonra “Sabah” müəyyən qədər güc itirəcək. Komandanın qarşıda hələ çox sınaqları var. Çempionlar Liqası çox ağır turnirdir. Bura cənnət deyil, cəhənnəmdir. Burada mübarizə aparmalı, sona qədər vuruşmalısan ki, turnirdə qala biləsən. Açığı, “Sabah”ın buna kifayət qədər gücü olduğunu düşünmürəm. Azərbaycan çempionatında çıxış edən futbolçuların fiziki hazırlığı və potensialı həm burada mübarizə aparmağa, həm də sonradan ölkə çempionatında oynamağa kifayət etmir. Bunu hər komanda bacara bilməz. Artıq “Sabah”ın oyununda problemləri gördüm. Ona görə də fikrimi açıq deyirəm. “Vikinq”lə oyuna nikbin yanaşmıram. Amma yenə də bu futboldur. Güman edək ki, “Turan Tovuz”la oyunda “Sabah” öz potensialını tam ortaya qoymayıb, qüvvəsini qoruyub. Ümid edək ki, “Vikinq”lə qarşılaşmaya qədər komanda tam bərpa olunacaq".
Ekspertin sözlərinə görə, Azərbaycan çempionatındakı oyundan sonra futbolçular bir gün ərzində bərpa oluna bilərlər:
"Çünki burada fiziki qüvvələrini daha az sərf edirlər. Məsələn, oyun ərzində 6-7 kilometr qaçırlar. Amma Çempionlar Liqası matçından sonra bir gün ərzində bərpa olunmaq asan deyil, hətta demək olar ki, mümkün deyil. Orada bərpa prosesi daha uzun çəkir. Ona görə də ümid edək ki, “Turan Tovuz”la oyundan sonra məşqçilər heyəti “Sabah”ın futbolçularını bərpa edə biləcək. Çempionlar Liqasında bir oyun ərzində 10-11, hətta 12 kilometr qaçmalı olursan. Üstəlik, stadionun vəziyyətini də nəzərə alaq. Meydançanın süni örtüklü olacağı gözlənilir. Süni örtükdə oynamaq “Sabah” üçün çox ağır olacaq. Bu, futbolçulardan ikiqat güc tələb edəcək. Amma ümid edək ki, yanılıram, komanda fiziki cəhətdən hazır olacaq. Belə olarsa, “Sabah”ın Norveçdən xalla qayıtmaq şansı yaranacaq. Lakin Çempionlar Liqasının ağırlığını nəzərə alsaq, mən artıq “Sabah”ın tükəndiyini düşünürəm".