Everest yaxınlığında iki helikopter toqquşdu: 1 ölü, 2 yaralı var – Anbaan video

Nepalda Everest dağı yaxınlığında eniş meydançasına enməyə çalışan iki helikopter toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

“The Kathmandu Post” qəzetinə istinadən, qəza yerli vaxtla saat 08:12-də Soluxumbu rayonunun Periçe kəndində baş verib.

Eniş meydançası dəniz səviyyəsindən təxminən 4371 metr yüksəklikdə yerləşir.

Həlak olan şəxs Fishtail Air şirkətinə məxsus helikopterdə olan Hindistan vətəndaşı Vasant Kumar Balaramudu olub. Yaralananlar isə hindistanəsilli Yeni Zelandiya vətəndaşı və helikopterin komandiridir. Onlar helikopterlə Katmandudakı xəstəxanaya çatdırılıblar.

Aviasiya qurumlarının məlumatına görə, ikinci helikopter Air Dynasty şirkətinə məxsus olub və Lukla hava limanından yük reysi həyata keçirib. Fishtail Air helikopteri isə Qorakşepdən iki xarici vətəndaşla birlikdə havaya qalxıb.

Toqquşmanın dəqiq səbəbi hələ müəyyən edilməyib.

Nepal Mülki Aviasiya İdarəsinin rəhbəri Mukesh Dangol bildirib ki, eniş meydançası Lukla hava limanının dispetçer qülləsinin fəaliyyət zonasından kənarda yerləşir. Buna görə də pilotlar bir-biri ilə əlaqə saxlamalı idilər.