ABŞ-dən Türkiyəyə qaytarılan Anadolu mənşəli 100 mədəniyyət nümunəsi İstanbul Arxeologiya Muzeyində ictimaiyyətə təqdim olunub.
Təqdimat mərasimində Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və Manhetten Bölgə Prokurorunun müavini Metyu Boqdanos iştirak ediblər.
Qaytarılan əsərlərin mühüm hissəsini Tokatın Erbaa rayonundakı Horoztepe məskəninə aid e.ə. 2300–2000-ci illəri əhatə edən 40 ədəd bürünc dövrü eksponatı — ritual musiqi alətləri, silahlar və metal qablar təşkil edir.
Bu eksponatlar təxminən 70 il əvvəl qanunsuz qazıntılarla ölkədən çıxarılmışdı.
Digər qiymətli qrup isə Burdurun Düver kəndindən Qədim Roma və arxaik dövrə aid olan 44 ədəd bişmiş torpaq memarlıq lövhəsidir.
"J. Paul Getty" Muzeyində saxlanılan bu parçalar da artıq aid olduğu torpaqlara qovuşub.
Tədbir çərçivəsində Burdurun Boubon antik şəhərindən 1960-cı illərdə qaçırılan bürünc imperator heykəllərini bir araya gətirən "Kaçış Yok: Boubon" sərgisinin də açılışı olub.
Qeyd edək ki, illər boyu müxtəlif ölkələrə və kolleksiyalara səpələnmiş Lusi Ver, Septimi Sever, Karakalla və Mark Avreliyə aid büst və heykəl hissələri elmi analizlər və beynəlxalq hüquqi əməkdaşlıq sayəsində yenidən vahid kolleksiyada cəmlənib.