Ərdoğana görə prezident seçkisinin vaxtı dəyişə bilər

Türkiyə Prezident Administrasiyası prezident və parlament seçkilərinin 2028-ci ilin may ayından mart-aprel aylarına keçirilməsi məsələsində parlamentin dəstəyinə ümid edir. Belə bir qərar hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğana yenidən prezidentliyə namizəd olmaq imkanı verəcək.

Bu barədə Türkiyə Prezidentinin hüquq məsələləri üzrə baş müşaviri Mehmet Uçum bildirib.

Qüvvədə olan qanunvericiliyə əsasən, Türkiyədə növbəti ümumi seçkilər 2028-ci il mayın 7-nə təyin edilib.

Mehmet Uçum CNN Türk telekanalına müsahibəsində parlamentin səsvermə tarixinin dəyişdirilməsi üçün tələb olunan səs çoxluğunu təmin edə biləcəyinə əminliyini ifadə edib.

O, bunun növbədənkənar seçkilərin keçirilməsi deyil, planlaşdırılmış səsvermənin daha erkən tarixə keçirilməsi olduğunu vurğulayıb.

Hüquq məsələləri üzrə müşavirin qiymətləndirməsinə görə, təşəbbüsü təxminən 500 deputat dəstəkləyə bilər. Bu isə Ərdoğana ölkənin ali dövlət vəzifəsinə bir daha namizəd olmaq imkanı yaradacaq.

M.Uçum izah edib ki, Türkiyə Konstitusiyası prezidentin hakimiyyətdə qalmasını iki müddətlə məhdudlaşdırır. Lakin parlament prezidentin ikinci səlahiyyət müddəti dövründə təkrar seçkilərin keçirilməsi barədə qərar qəbul edərsə, hazırkı dövlət başçısı yenidən namizədliyini irəli sürmək hüququ qazanır.

Belə bir qərarın qəbul edilməsi üçün parlamentin azı 360 deputatının dəstəyi tələb olunur.

Rəcəb Tayyib Ərdoğan 12 ildən artıqdır Türkiyə prezidenti vəzifəsini tutur.

Bundan əvvəl, sentyabrın 15-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyası sədrinin müavini Əbdülhəmid Gül bildirib ki, parlamentin müvafiq qərarı olacağı təqdirdə, hazırkı prezidentin növbəti dəfə namizədliyini irəli sürməsi üçün hüquqi və ya konstitusion maneə görmür.

Bununla yanaşı, sentyabrın 16-da AKP-nin rəsmi nümayəndəsi Ömər Çelik prezidentin növbədənkənar seçkilərinin keçirilməsi məsələsinin hazırda partiyanın gündəliyində olmadığını açıqlayıb.