Azərbaycan qadını yalnız ailənin və cəmiyyətin mənəvi dayağı deyil, eyni zamanda, ictimai-siyasi proseslərdə fəal iştirak edən, maarifçilik hərəkatına töhfə verən və dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayan qüvvədir. Qadınların cəmiyyətin bütün sahələrində təmsilçiliyinin artırılması, hüquqlarının qorunması və potensiallarının reallaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Bu fikirləri Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini, “Güclü cəmiyyətin zərif simaları” layihəsinin eksperti Könül Nurullayeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Regional İnkişaf İctimai Birliyinin əməkdaşlığı ilə həyata keçirilən layihənin yekun konfransında çıxışı zamanı səsləndirib.
O bildirib ki, qadın və dövlət siyasətindən danışarkən Ümummilli Lider Heydər Əliyevin bu sahədəki xidmətlərini xatırlamaq xüsusi əhəmiyyət daşıyır. Məhz Ulu Öndər qadınların dövlət idarəçiliyində, ictimai-siyasi fəaliyyətdə, elm və təhsildə, iqtisadiyyatın müxtəlif sahələrində iştirakına, hüquqlarının qorunmasına və potensiallarının üzə çıxarılmasına daim diqqət yetirib, bu istiqamətdə mühüm addımlar atıb.
“Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınların hüquqlarının qorunması, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin təşviqi, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, eləcə də qərar qəbuletmə prosesində təmsilçiliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər qadınların cəmiyyət həyatında rolunun gücləndirilməsinə xidmət edir. Qadınların potensialının reallaşdırılması və bərabər imkanların təmin edilməsi artıq dövlətimizin prioritet istiqamətlərindən biridir. Bu yanaşma həm cəmiyyətin inkişafına, həm də dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm töhfə verir", - deyə deputat əlavə edib.