Rusiya və İranı TDT-yə qəbul etmək olarmı? - AÇIQLAMA…

Ərazisində türk xalqlarının sıx yaşadığı Rusiyanı və İranı Türk Dövlətləri Təşkilatına müşahidəçi və ya tamhüquqlu üzv qəbul etmək olarmı?

Medianews.az bu sualla politoloq Oqtay Qasımova müraciət edib.

Xatırladaq ki, 2009-cu ildə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın yaratdığı, 2019-cu ildə Özbəkistanın da qoşulduğu qurum 2021-ci ilədək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) adlanıb. Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi üzvlərdir.

Oqtay Qasımov Medianews.az-a açıqlamasında bildirib ki, TDT son illər özünün keçdiyi inkişaf mərhələsi ilə diqqət çəkən bir formata çevrilib: “Bu təşkilata üzvlüklə bağlı müxtəlif ideyalar səsləndirilir. Onlardan biri həqiqi üzvlərlə yanaşı, digər ölkələrin müşahidəçi üzv statusunda təşkilata qoşulmasıdır. Bir neçə gün öncə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyanın təşkilata müşahidəçi üzv statusunda qəbul olunmasını məqsədəuyğun hesab edərək belə bir təklif irəli sürdü.

Artıq TDT-də müşahidəçi ölkə statusunda olan ölkələr var. Söhbət Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən gedir. Bu baxımdan İranın, Rusiyanın və türkdilli xalqların yaşadığı digər ölkələrin də təşkilata üzvlüyü ilə bağlı təkliflər verilə bilər. Əlbəttə ki, bu, müzakirə oluna biləcək bir mövzudur. Amma onu da nəzərə almaq lazımdır ki, bu, türk dövlətlərinin təşkilatıdır. Söhbət türkdilli xalqların yaşadığı ölkələrdən deyil, məhz türk etnosunun yaratdığı dövlətlərdən gedir.

Ona görə Rusiya, İran, o cümlədən Çin və türklərin yaşadığı başqa dövlətlərin TDT-yə üzvlüyü təklifini çox da rasional hesab etmirəm. Belə olarsa, TDT artıq fərqli məna daşıyan bir təşkilata çevrilər. Hazırkı vəziyyətdə TDT-nin məhz indiki formatı daha konkret və optimaldır.

Türk ölkələrinin Rusiya, İran və başqa ölkələrlə bu və ya digər formada əməkdaşlığı, münasibəti var. Rusiyanın TDT-yə qəbul ediləcəyi halda bu təşkilatdan daha çox öz məqsədləri üçün istifadə etməyə çalışacağı, həmin məqsədlərin isə türk dövlətlərinin maraqları ilə heç də həmişə uzlaşmayacağı aydındır. Eyni sözlər İrana da aiddir.

İran da, Rusiya da on illər, əsrlər boyu türk dünyasına qarşı mübarizə aparıb, düşmənçilik siyasəti yürüdüb. Bu gün münasibətlər müəyyən qədər normal olsa da, hələlik Rusiya və İranın hər hansı bir statusda TDT-yə qoşula biləcəyi səviyyəyə çatmayıb”.