Son illər futbolçular arasında ön çarpaz bağ zədələrinə tez-tez rast gəlinir. Qavi, Rodri, Eder Militao, Xavi Simons və digər tanınmış oyunçular bu problemlə üzləşiblər. Son olaraq PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya da bu siyahıya qoşulub.
Bəs futbolçularda çarpaz bağ zədələri hansı səbəblərdən yaranır?
Oxu.az-a istinadla, bu zədələrin baş verməsində meydança örtüyü, futbol butslarının texnologiyası və əzələ yorğunluğu rol oynaya bilər.
İlk amillərdən biri süni liflərlə gücləndirilmiş hibrid meydança örtükləridir. Belə örtüklərdə istifadə olunan uzun və iti şipli butslar ayağın yerə daha möhkəm ilişməsinə səbəb ola bilər. Ayaq sabit qaldığı halda, bədənin dönməyə davam etməsi diz oynağına düşən burulma yükünü artırır.
Butsların texnologiyasındakı dəyişikliklər də müzakirə olunan amillərdəndir. Sürəti və enerji ötürülməsini artırmaq məqsədilə bəzi modellərdə karbon lifli altlıqlardan istifadə olunur. Bu konstruksiyalar sərtliyi artıraraq ayağın eninə hərəkət imkanını məhdudlaşdıra bilər.
Digər mühüm amil əzələ yorğunluğudur. Ön bud əzələləri qamış sümüyünü irəli çəkdiyi halda, arxa bud əzələləri bu hərəkəti nəzarətdə saxlayır, diz oynağını qorumağa kömək edir. Gərgin oyun qrafiki və fiziki yorğunluq həmin əzələlərin funksiyasına mənfi təsir göstərə bilər.
İdman həkimi Fərid Səlimov isə Oxu.Az-a açıqlamasında ön çarpaz bağ zədələnməsinə səbəb olan faktorların iki qrupa bölündüyünü bildirib.
Onun sözlərinə görə, xarici amillərə oyun sahəsinin sərtliyi, havanın soyuq olması, bədənin yetərincə qızışdırılmaması və rəqib müdaxiləsi nəticəsində yaranan travmalar daxildir. Peşəkar futbol və yüksək liqalarda təbii örtüklü meydançalara üstünlük verildiyindən bu amillərin təsiri nisbətən az ola bilər.
Həkim daxili faktorlar sırasında həddindən artıq fiziki yüklənməni, biomexanikanın pozulmasını, əzələ balanssızlığını və propriosepsiyanın (bədənin hərəkət və mövqeyini hiss etmək, tarazlığı qorumaq qabiliyyətidir. Bu funksiyanın zəif olması zədə riskini artıra bilər) zəif olmasını qeyd edib.
Fərid Səlimov yaş artdıqca bədənin tonusunu qorumaq və bağları möhkəm saxlamaq üçün bu amillərə daha çox diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, futbolda nə qədər profilaktik tədbir görülsə də, ön çarpaz bağ zədələrinin qarşısını tamamilə almaq mümkün deyil.
Beləliklə, futbolçu yüksək sürətlə hərəkət edərkən qəfil dayandıqda, istiqamətini dəyişdikdə və ya yerə uğursuz düşdükdə dizdə yaranan həddindən artıq yük ön çarpaz bağın qopmasına səbəb ola bilər.
Zədədən sonra əməliyyat və reabilitasiya prosesi də riskləri tam aradan qaldırmır. Bəzi araşdırmalarda idmana qayıdan futbolçularda eyni bağın yenidən zədələnməsi, eləcə də digər dizdə oxşar problemin yaranması riskinin yüksək olduğu göstərilir.