Estoniyanın iri ərzaq mağazaları şəbəkəsi kiberhücuma məruz qalıb. Hücum zamanı mağazanın soyuducu sistemini məsafədən idarə etmək üçün istifadə olunan kompüterə giriş əldə edərək vitrin-soyuducuda temperaturu 50 dərəcə istiyə qədər dəyişiblər.
Bu barədə ERR texnoloji soyutma sistemlərinin istehsalçısı və distribyutoru olan "Kitman Coldtech" şirkətinin rəhbəri Yan Mutsoya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, söhbət ticarət şəbəkələrindən birinin iri mağazasından gedir: "Biz hələ ki bütün təfərrüatları dəqiq bilmirik, lakin Estoniyada təkcə bizim deyil, digər müştərilərə də hücum ediblər. Hər şey bu gün səhər baş verib".
Medianın məlumatına görə, şirkətin müştəriləri arasında "Selver", "Rimi", "Coop" və "Lidl" ticarət şəbəkələri var.
Qeyd edək ki, noyabrın 2-nə keçən gecə İsveçin ticarət şəbəkələri də haker hücumuna məruz qalıb – "Ica" və "Coop" ərzaq şəbəkələri ehtimal olunan kiberhücum səbəbindən soyuducu və dondurucu kameralarla bağlı problemlər barədə məlumat yayıblar. Həmçinin, "Delhaize" supermarketlər şəbəkəsinin soyuducu kameraları da kiberhücuma məruz qalıb.