Bal antioksidantlarla zəngin təbii məhsul olsa da, onun faydaları ilə bağlı bütün iddialar elmi cəhətdən təsdiqlənməyib. Üstəlik, həddindən artıq istehlakı sağlamlıq üçün risk yarada bilər.
“Health Knowledge” saytına istinadən, bal boğaz qıcıqlanmasını sakitləşdirə, xüsusilə gecə öskürəyini azalda bilər. Tərkibindəki sadə karbohidratlar isə fiziki fəaliyyət zamanı orqanizmə sürətli enerji verir.
Balın tərkibindəki antioksidantların miqdarı onun növündən və mənşəyindən asılıdır. Bununla belə, bal yeməyin dərini yaxşılaşdırdığı, yuxunu təmin etdiyi və ya həzmi normallaşdırdığı elmi cəhətdən sübut olunmayıb.
Bəzi insanlarda bal şişkinlik, qaz və ishala səbəb ola bilər. Bir yaşdan kiçik uşaqlara isə botulizm riski səbəbindən bal vermək olmaz. Diabet xəstələri də onun yüksək şəkər tərkibini nəzərə almalıdırlar.
Mütəxəssislər bildirirlər ki, balın həddindən artıq istehlakı kalori qəbulunu və diş çürüməsi riskini artıra bilər. Buna görə də təbii məhsul olsa belə, onu ölçülü qəbul etmək vacibdir.