Əsilzadələr Məclisi fəaliyyətini bərpa edir?

Azərbaycanda zadəgan ailələrinin şəcərəsinin tanıdılması və tarixi irsinin qorunması məqsədilə yaradılmış Əsilzadələr Məclisinin fəaliyyəti bərpa oluna bilər.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə bildirilib ki, Məclisin fəaliyyəti ona rəhbərlik etmiş Xalq yazıçısı Maqsud İbrahimbəyovun 2016-cı ilin martında vəfatından sonra müvəqqəti dondurulub.

Vurğulanıb ki, Məclisin fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparılır və gələcəkdə bu istiqamətdə addımlar atıla bilər. Hazırda isə təşkilatın fəaliyyəti dondurulmuş olaraq qalır.

Qeyd edək ki, Əsilzadələr Məclisi 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin dəstəyi və Maqsud İbrahimbəyovun rəhbərliyi yaradılıb. Məclisin əsas məqsədi Azərbaycanın zadəgan ailələrinin şəcərəsini tanıtmaq, onların tarixini və mənəvi irsini qoruyub saxlamaq olub. Əsilzadələr Məclisinin 1 nömrəli şəhadətnaməsi 1999-cu ildə məclisin sədri, xalq yazıçısı Maqsud İbrahimbəyov tərəfindən Heydər Əliyevə təqdim olunmuşdu.

Təşkilatın yerləşdiyi bina 1914-cü ildə Maqsud İbrahimbəyovun babası, neft sənayeçisi Ələkbər Məşədibəyov üçün məşhur memar Zivərbəy Əhmədbəyov tərəfindən inşa olunub. Yazıçının anası, 1924-cü ildə güllələnən Məşədibəyovun 7 övladından biri Fatma xanım burada doğulub. Sonradan ailə buradan köçürülüb. 70-ci illərə qədər bina kommunal mənzillərin olduğu yaşayış binası kimi istifadə edilib, 70-ci illərin sonlarında bina Sülhün Müdafiəsi Komitəsinin istifadəsinə verilib. 1993-cü ildən bəri bu binada Maqsud İbrahimbəyovun sədrlik etdiyi "Azərbaycan Pen-Klub" təşkilatı fəaliyyət göstərib. 1999-cu ildən binada Maqsud İbrahimbəyovun Azərbaycan Prezidenti Heydər Əliyevin dəstəyi ilə yaratdığı “Əsilzadələr məclisi” fəaliyyət göstərib. Bina 2001-ci ildən İçərişəhər Dövlət Qoruğunun tarixi abidələr siyahısına daxil edilib. 2016-2017-ci illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə binada əsaslı təmir və bərpa işləri aparılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 1 fevral tarixli Sərəncamı ilə bu binada Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi yaradılıb.

Bina bu gün də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi kimi fəaliyyətini davam etdirir.