“Böyük Qayıdış” proqramı çərçivəsində noyabrın 3-4-də Tərtər və Ağdərə rayonlarında kardioloji tibbi aksiya təşkil olunacaq.
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən keçiriləcək aksiya şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, eləcə də Suqovuşan və Ağdərə rayonlarına köç etmiş ailələri əhatə edəcək.
Aksiya çərçivəsində sakinlər kardioloji müayinələrdən keçə, ixtisaslı həkimlərin konsultasiyalarından yararlana biləcəklər. Müayinələr zamanı EKQ, exokardioqrafiya, zəruri instrumental və nevroloji müayinələr aparılacaq. Ehtiyac olduğu təqdirdə pasiyentlər əlavə müayinələrə yönləndiriləcəklər.
Tibbi aksiyanın keçirilməsi qrafiki belədir:
– 3 noyabr 2026-cı il, saat 14:00-18:00 – Tərtər Rayon Mərkəzi Xəstəxanası;
– 4 noyabr 2026-cı il, saat 10:00-dan – Suqovuşan Tibb Məntəqəsi.
Aksiyanın əsas məqsədi ürək-damar xəstəliklərinin erkən aşkarlanması, əhalinin sağlamlığının qorunması və ixtisaslı tibbi xidmətlərin əlçatanlığının artırılmasıdır.
Qeyd edək ki, bu təşəbbüs “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köç edən sakinlərin, şəhid ailələrinin və müharibə iştirakçılarının tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.