Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya Prezidenti Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenski ilə görüşə açıq olduğunu bildirib. Rusiyanın "Rossiya" televiziya kanalına müsahibə verən Y.Uşakov vurğulayıb ki, V.Zelenski zəng edəcəyi təqdirdə Putin telefona cavab verəcək. "Düşünürəm ki, Putin dialoqa hazır olduğunu göstərəcək. O, heç vaxt danışıqlardan imtina etməyib",-deyə Yuri Uşakov qeyd edib.
Rusiya rəsmisi V. Zelenskinin Moskvada Putinlə mümkün görüşünü də qiymətləndirib. Y. Uşakov Ukrayna tərəfinin müxtəlif kanallar vasitəsilə siqnallar göndərdiyini qeyd edib.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində keçirilməsi planlaşdırılan danışıqlara da toxunan Y. Uşakov Avropa nümayəndələrinin bu prosesdə iştirakı ehtimalı ilə bağlı deyib: "Amerikalılarla işgüzar əlaqələrimiz mövcuddur. Bu baxımdan danışıqların ilkin raundlarının üçtərəfli formatda təşkil olunması daha məqsədəuyğundur".