Zaur Rzayev Azərbaycan musiqi mədəniyyətində özünəməxsus səs tembri, ürəyəyatımlı lirik bəstəkar mahnıları, təsnifləri və zəngin repertuarı ilə dərin iz qoymuş unudulmaz xanəndə və Xalq artistidir.
Ömrünü musiqiyə həsr edən sənətkar, ağır xəstəlikdən sonra 29 oktyabr 2026-cı ildə 74 yaşında vəfat edib.
Uşaqlıq illəri və dəmiryolçu nəsli
Zaur Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunun Karrar qəsəbəsində, dəmiryolçu Əlihüseyn Rzayevin ailəsində dünyaya göz açır. Doğulduğu ərazidən ölkənin ən böyük dəmiryolu magistralı keçdiyinə görə oradakı insanların əksəriyyəti kimi, onun da bütün qohumları bu sahədə çalışırdı.
Ailəsində və nəsildə heç vaxt musiqiçi olmadığını bildirən sənətkar verilişlərin birində bu barədə belə demişdi: “Bizdə musiqiçi olmayıb, birinci çıxan mənəm, düşünürəm ki, axırıncı da mən olacam”. Buna baxmayaraq oğlu onun sənətini davam etdirir.
Hacıqabula köçdükdən sonra uşaqlığını Kür çayında balıq tutmaqla keçirdiyini deyirdi. Hətta bəzən başqalarının qurduğu tora gizlicə girib oradan balıq çıxardığını da etiraf etmişdi.
Zaur Rzayev 8-ci sinfə qədər Hacıqabulda oxuduqdan sonra Bakıya gələrək təhsilini əvvəlcə Bakı Kitabxanaçılıq Texnikumunda davam etdirir.
Sənətə ilk addımlar və “qanunsuz” qəbul
Zaur Rzayevin atası musiqini canından çox sevən bir insan idi. Sənətkar həmişə deyirdi: “Atam musiqisevən adam olub, o olmasaydı, oxumaqla məşğul olmazdım”.
O, musiqi təhsili almaq üçün sənədlərini Asəf Zeynallı adına Musiqi Texnikumuna verir. Lakin 16-17 yaşlarında, səsinin dəyişmə dövründə olduğu üçün komissiya onu qəbul etmək istəmir. Bu zaman atası Əlihüseyn Rzayev görkəmli tarzən Əhməd Bakıxanovdan xahiş edir və Bakıxanovun nüfuzu və məcburi göstərişi sayəsində gənc Zaurun səsinə yenidən qulaq asırlar. Qaydaları pozaraq onu məktəbə qəbul edirlər.
Daha sonra Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblına solist qəbul edilərək geniş dinləyici kütləsi arasında tanınmağa başlayır. Daha sonra Azərbaycan Dövlət Mahnı Teatrında fəaliyyət göstərir.
Konservatoriya və böyük sevgi
Gənclik illərində Zaur Rzayev dostunun bacısı Gözəl Rzayeva ilə ailə həyatı qurur. İlk vaxtlar dostu qəti şəkildə bu evliliyə qarşı çıxır. Hətta sətənkar deyir ki, qaynı buna görə onunla düşmən olur. Lakin zamanla sular durulur. Zaur və Gözəl Rzayevin xoşbəxt nigahından iki oğulları dünyaya gəlir: Rzazadə Nadir daxili işlər orqanlarında çalışır, Azər Rzazadə isə atasının sənət yolunu davam etdirərək Əməkdar artist adını alıb. O, Milanda dünyanın ən tanınmış opera teatrı La Skala Vokal Akademiyasına qəbul olunan ilk azərbaycanlıdır.
Zaur Rzayev musiqi təhsilini davam etdirməkdə maraqlı olub. O deyirdi ki, 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olmaq müşkül məsələ idi; populyar musiqi sahəsindən oranı bir tək Flora Kərimova bitirmişdi. Özünü sınamaq istəyən Zaur imtahanda Süleyman Ələsgərovun məşhur “Vətənimdir” romans-qəzəlini elə yüksək ustalıqla oxuyur ki, komissiya heyəti heyran qalır və o, ən yüksək qiymətlə vokal şöbəsinə qəbul olur.
Hərbi musiqi və zirvə illəri
O, 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələri Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsinə təyin olunur.
Konsertlərin birində Ulu Öndər Heydər Əliyev onun hərbi rütbəsi ilə maraqlanır və ali musiqi təhsili olduğunu öyrəndikdən sonra ona birbaşa “Kapitan” rütbəsinin verilməsi barədə göstəriş verir.
Sənətdə göstərdiyi xidmətlərə görə 1998-ci ildə “Əməkdar artist”, 25 iyun 2003-cü ildə isə Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adlarına layiq görülür. 2000 və 2008-ci illərdə Dağıstan Respublikasının Əməkdar incəsənət xadimi və Xalq artisti fəxri adları verilir.
Sənətkar xalq musiqisi, estrada, muğam janrlarında ifa edib və repertuarındakı “Dilbərim”, “İl nə gözəldir”, “Könlüm səndən ayrılanda”, “Getdi yar”, “Cavanlığım”, “Axtarma məni”, “Durna qatarı”, “Qara gözlər”, “Əziz dostum”, “Xatirəsən yar” və digər mahnıları ilə tanınıb.
Zaur Rzayev 2026-cı il oktyabrın 14-də ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub, oktyabrın 29-u saat 18:30-da müalicə aldığı xəstəxanada ömrünün 74-cü ilində dünyasını dəyişib.
Allah rəhmət eləsin!