Demokratlar 7 bənd irəlidədir, Tramp uduzacaq - Sorğu

ABŞ-da keçiriləcək aralıq seçkilər ərəfəsində Konqresə nəzarət uğrunda mübarizədə Demokratlar Partiyası Respublikaçılar Partiyasını 7% bəndi qabaqlayır. Bununla yanaşı, Prezident Donald Trampın fəaliyyətini bəyənməyənlərin göstəricisi rekord həddə 60%-ə çatıb, amerikalıların əksəriyyəti isə ölkənin siyasi kursunun dəyişdirilməsini dəstəkləyir.

Bu barədə "NBC Nyus" telekanalının oktyabrın 28-dən 30-dək keçirdiyi sorğunun nəticələrində deyilib.

"Qeydiyyatdan keçmiş seçicilərin 52%-i Konqresdə çoxluğun demokratlara məxsus olmasını istəyir, 45%-i isə respublikaçıları dəstəkləyir. Müstəqil seçicilər arasında isə demokratlar respublikaçıları 21% bəndi qabaqlayırlar. İqtisadi vəziyyətdən narazılıq seçkilərin nəticələrinə təsir edən əsas amillərdən birinə çevrilə bilər. Sorğuda iştirak edənlərin təxminən dörddə üçü ölkədəki iqtisadi vəziyyətdən, 51%-i isə öz maddi durumundan narazı olduğunu bildirib",- məlumatda deyilib.

Kanalın son 30 ildə keçirdiyi sorğularda ilk dəfə olaraq şəxsi maddi vəziyyətindən narazı olanların payı razı qalanların payını üstələyib:

"Sorğuda iştirak edən hər 10 nəfərdən 7-si ölkənin yanlış istiqamətdə irəlilədiyini düşünür. Bununla yanaşı, respondentlərin 64%-i, o cümlədən Trampa səs vermiş seçicilərin təxminən üçdə biri onun gözləntilərini doğrultmadığını bildirib. Sorğuda iştirak edənlərin 40%-i prezidentin fəaliyyətini bəyənir.

Lakin demokratların üstünlüyü onların populyarlığının artması demək deyil. Sorğuda iştirak edənlərin 29%-i Demokratlar Partiyasına, 38%-i isə Respublikaçılar Partiyasına müsbət münasibət bəsləyir. Bundan əlavə, respublikaçılar Trampın 2024-cü il seçkilərində qalib gəldiyi dairə və ştatlarda mövqelərini qoruyub saxlayırlar. Sorğu həmçinin amerikalıların qarşıdan gələn seçkilərə böyük maraq göstərdiyini üzə çıxarıb. Belə ki, respondentlərin 70%-i seçkilərə marağını 10 ballıq şkala üzrə 9 və ya 10 balla qiymətləndirib. Seçkilərə ən çox maraq göstərən seçicilər arasında demokratlar respublikaçıları 12% bəndi qabaqlayırlar".

Qeyd edək ki, ABŞ-da aralıq seçkilər 2026-cı il noyabrın 3-də keçiriləcək. Seçkilərdə Konqresin hər iki palatasındakı yerlər uğrunda mübarizə aparılacaq. Seçkilərin nəticələri Trampın prezidentlik müddətinin qalan hissəsində qanunverici hakimiyyətə hansı partiyanın nəzarət edəcəyini müəyyənləşdirəcək.