Almaniyanın keçmiş kansleri Angela Merkel ölkənin hazırkı prezidenti Frank-Valter Ştaynmayerin xələfinin qadın ola biləcəyini düşünür.
Merkel bu barədə "Magenta TV"yə müsahibəsində danışıb.
"Almaniya Federativ Respublikasının 77 illik tarixində indiyədək heç vaxt qadın federal prezident olmayıb", - deyə o bildirib.
Angela Merkelin sözlərinə görə, hazırda hər kəs dövlət başçısı vəzifəsinə qadının seçilməsinin vaxtının çatıb-çatmadığı barədə düşünməlidir.
Keçmiş kansler bu vəzifəyə layiq hesab etdiyi şəxsləri tanıdığını, lakin onların adlarını açıqlamaq istəmədiyini qeyd edib.
Gələn il yanvarın 30-da Almaniyanın yeni dövlət başçısını seçmək üçün xüsusi orqan - Federal Məclis toplanacaq. İki müddət prezident vəzifəsində çalışmış hazırkı dövlət başçısı Frank-Valter Ştaynmayerin yenidən namizədliyini irəli sürməsi mümkün deyil.