Amerikanın Florida ştatında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində doqquz nəfər, o cümlədən texnologiya sahibkarı Adam Robinson, onun həyat yoldaşı və iki azyaşlı uşağı həlak olub.
"New York Post"a istinadən, təyyarə qəzası noyabrın 1-də Palm-Biç dairəsində baş verib.
Nəşrin məlumatına görə, "Learjet 60" təyyarəsinin göyərtəsində "Retention.com" və RB2B texnologiya şirkətlərinin banisi Adam Robinson, onun həyat yoldaşı Helen Şarp, dörd yaşlı qızı Emma və iki yaşlı oğlu Çarli olub.
Onlarla birlikdə uşaqların dayəsi Anita Mariya Setina, ailənin dostları Reyçel Rid və Çarmi Fer, həmçinin iki pilot da uçurdu. Onların hamısı həlak olub.
Təyyarə Ostindən (Texas ştatı) Baham adalarına doğru yola düşüb, lakin Qrinakres şəhərinin yaşayış massivində qəzaya uğrayıb.
İstintaqın ilkin məlumatlarına görə, hava gəmisi hələ yerlə toqquşmazdan əvvəl parçalanmağa başlayıb. Qəzadan əvvəl ekipaj dispetçerlərə təyyarənin buz bağlaması və güclü turbulentlik barədə məlumat verib.
Hadisənin səbəblərini ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) müəyyənləşdirir.
Həlak olanlar və qəzanın təfərrüatları barədə məlumatlar NBC və AP-nin xəbərləri ilə də təsdiqlənir.
ABŞ-də Florida ştatının Qrinakres şəhərində "Learjet" biznes-jetinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.
Bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi "X" sosial şəbəkəsində yazıb.
Nazirin sözlərinə görə, təyyarə Texas ştatının Ostin şəhərindən havaya qalxaraq Baham adalarına istiqamət alıb. Göyərtədə olan 9 nəfərin hamısı həlak olub.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Nəqliyyat Nazirliyi ilə birgə aviaqəzanın səbəblərini araşdırır.
Bununla yanaşı, hadisə zamanı yerdə olan şəxslər arasında ölən və ya xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.
ABŞ-nin Florida ştatında "Learjet 60" tipli şəxsi təyyarə Palm-Biç dairəsində mobil evlər parkının ərazisində qəzaya uğrayıb.
"New York Post"a istinadən, hadisə bazar günü yerli vaxtla saat 13:00 radələrində (Bakı vaxtı ilə 22:00) Qrinakres şəhərində baş verib.
Nəşrin məlumatına görə, yerli hakimiyyət orqanları çoxsaylı zərərçəkənlərin olduğunu bildiriblər. Lakin onların dəqiq sayı açıqlanmayıb. Hadisə zamanı yerdə olan şəxslər arasında ölən və yaralananların olub-olmadığı da məlum deyil.
İlkin məlumatlara əsasən, təyyarə əvvəlcə ağaca toxunaraq elektrik xətlərini qırıb, daha sonra yaşayış evinə çırpılıb. Toqquşma nəticəsində güclü yanğın baş verib. Təyyarə və mobil ev demək olar ki, tamamilə yanaraq məhv olub.
Hazırda hadisə yerində Palm-Biç dairəsinin yanğınsöndürmə və xilasetmə xidmətinin əməkdaşları çalışırlar. Qəzanın başvermə şəraiti araşdırılır.