Peyğəmbərin(ə.s.) yəhudilərlə birgəyaşayış çağrısından "Böyük İsrail" iddialarınadək...-Bu gün də sülhə çalışmalıyıq!..-II

II HİSSƏ — Sionizmin yaranmasından Fələstin faciəsinə: iki xalqın dövlətçilik arzusu, bir torpaq və həllini tapmayan münaqişə…

“Bir həqiqəti də deməliyik: Avropada yəhudilərə qarşı törədilən cinayətlərin əvəzini Fələstində yaşayan ərəb əhalisinin ödəməsi ədalətli deyildi…”

“Məhəmməd Peyğəmbərin (s.ə.s.) Mədinədə müxtəlif icmalar arasında ictimai nizam yaratmaq cəhdlərini xatırlayanda belə qənaətə gəlmək olar ki, fərqli dinlərin nümayəndələrinin bir yerdə yaşaması mümkündür. Bunun üçün ədalət, qarşılıqlı məsuliyyət və müqavilələrə əməl etmək lazımdır… Lakin…”

Birinci hissədə Məhəmməd Peyğəmbərin (s.ə.s.) Mədinədə yəhudilərlə münasibətlərindən, müqavilələrdən, ticarət əlaqələrindən və sonradan baş vermiş qarşıdurmalardan danışdıq. Həmçinin əsrlər boyu müsəlmanlarla yəhudilərin Bağdadda, Qahirədə, Kordovada, İstanbulda və digər şəhərlərdə yanaşı yaşadıqlarını qeyd etdik.

Bəs necə oldu ki, tarixdə bu qədər ortaq səhifələri olan iki dini icmanın münasibətləri müasir dövrdə Yaxın Şərqin ən ağır siyasi və hərbi qarşıdurmalarından birinə çevrildi?

Bu sualın cavabı yalnız dinlərdə deyil, XIX əsrin sonlarından etibarən Avropada güclənən millətçilikdə, antisemitizmdə, siyasi sionizmdə, Britaniya imperiyasının siyasətində və Fələstinin gələcək taleyi barədə ziddiyyətli qərarlardadır…

Siyasi sionizm necə yarandı?..

XIX əsrdə Avropada millətçilik və milli dövlət ideyaları güclənirdi. Eyni zamanda yəhudilər müxtəlif ölkələrdə antisemitizm, ayrı-seçkilik, zorakılıq və siyasi məhdudiyyətlərlə üzləşirdilər. Belə bir şəraitdə yəhudilərin milli dövlət yaratmaq ideyası siyasi hərəkat səviyyəsinə yüksəldi. Bu hərəkatın əsas simalarından biri Teodor Herzl idi.

Herzl 1896-cı ildə “Yəhudi dövləti” (Der Judenstaat) əsərini nəşr etdirdi. 1897-ci ildə İsveçrənin Bazel şəhərində keçirilən Birinci Sionist Konqresində Dünya Sionist Təşkilatı yaradıldı və Fələstində yəhudi xalqı üçün milli vətən qurulması məqsədi rəsmiləşdirildi.

Ancaq sionizmi vahid siyasi ideologiya kimi təqdim etmək düzgün deyil. Onun daxilində dini, siyasi, sosialist, liberal və revizionist istiqamətlər mövcud olub.

Bir məqamı da unutmayaq: yəhudilərin öz dövlətlərinə sahib olmaq arzusu tarixi antisemitizm və Holokost kimi faciələrlə əlaqəli real təhlükəsizlik ehtiyaclarından qaynaqlanırdı. Bu arzunu anlamaq mümkündür…

Lakin Fələstində yaşayan ərəb əhalisinin də öz tarixi vətəni, torpağı, şəhərləri və siyasi hüquqları vardı. Münaqişənin əsas səbəblərindən biri məhz bu iki milli iddianın eyni ərazi üzərində toqquşması oldu.

Balfur bəyannaməsi: Britaniya nə vəd etmişdi?..

Düz 109 il öncə -1917-ci il noyabrın 2-də Böyük Britaniyanın xarici işlər naziri Artur Balfur Lord Rotşildə məktub ünvanladı. Tarixə Balfur bəyannaməsi adı ilə düşən bu sənəddə Britaniya hökumətinin Fələstində yəhudi xalqı üçün milli vətən yaradılmasına dəstək verdiyi bildirilirdi. Bəyannamədə Fələstində yaşayan yəhudi olmayan icmaların mülki və dini hüquqlarına zərər vurulmaması şərti də vardı. Lakin diqqətçəkən məqam odur ki, yerli ərəb əhalisinin siyasi və milli hüquqları ayrıca təminat kimi göstərilməmişdi…

Birinci Dünya müharibəsindən sonra Britaniya mandatı altına keçməsinədək, yəni Osmanlı dövlətinin himayəsində olduğu dövrdə Fələstin ərazisində yəhudilərlə ərəblər arasında heç bir ciddi problem yox idi. Demək olar ki, iki xalq sülh şəraitində,birgə, dinc yanaşı həyat sürürdülər. Və Osmanlı hakimiyyəti dövründə Fələstində yəhudilər ərəb əhalisi ilə müqayisədə xeyli azlıq təşkil edirdilər. Xüsusilə XIX əsrin sonlarında yəhudilərin ümumi əhali içərisindəki payı təxminən 5–8 faiz civarında idi. Statistik məlumatlara görə, 1850-ci illərdə Fələstində yəhudilərin sayı ərəblərin sayından az qala 10 dəfə az idi. Lakin Birinci Dünya müharibəsi ərəfəsində bu nisbət bir az artmışdı. 1914-cü ildə hər 100 ərəbə təxminən 9–15 yəhudi düşürdü. Ən çox istinad edilən Osmanlı rəqəmlərində isə 634 633 ərəb və 55 142 yəhudi göstərilir. Bu hesablamaya görə yəhudilər əhalinin təxminən 8 faizini təşkil edirdilər. Yəhudilərin sayının artmasına səbəb isə XIX əsrin sonlarından etibarən Avropadan yəhudi köçünün artması idi. Və bu proses tədricən Fələstində narahatlıq yaradırdı. Belə ki, yəhudilərin torpaq alması və yeni yaşayış məntəqələri yaratması bəzi yerli ərəb icmalarının etirazına səbəb olurdu...

Onu da vurğulamaq gərəkdir ki, XIX əsrin sonlarında Fələstinə yəhudi köçünün artmasının əsas səbəbləri Avropada, xüsusilə Rusiya imperiyasında güclənən antisemitizm, yəhudilərə qarşı talanlar və dini-milli təqiblər idi. Bununla yanaşı, Avropada formalaşan sionist hərəkatı yəhudilərin Fələstində milli yurd yaratmaq ideyasını irəli sürərək köçü ideoloji və təşkilati baxımdan təşviq edirdi. 1882-ci ildən etibarən sionist təşkilatların fəaliyyəti nəticəsində bu köç daha mütəşəkkil xarakter almağa və Fələstində yəhudi məskənlərinin yaradılmasına yönəlməyə başladı…

Böyük Britaniya, Fransa və Rusiya imperiyalarının Osmanlı dövlətinə qarşı apardıqları siyasi və hərbi mübarizə, eləcə də Birinci Dünya müharibəsində yaranmış mürəkkəb geosiyasi vəziyyət imperiyanın zəifləməsini və süqutunu sürətləndirdi. 1916-cı ildə Məkkə şərifi Hüseynin rəhbərliyi ilə başlayan Ərəb üsyanı da bu prosesə təsir göstərən amillərdən biri oldu. Nəticədə, müharibədə məğlub olan Osmanlı imperiyasının Yaxın Şərqdəki ərəb əraziləri qalib dövlətlərin nəzarətinə keçdi. Və Birinci Dünya müharibəsi zamanı- 1917-ci Britaniya Fələstini işğal etdi. 1922-ci ildə isə Millətlər Liqasının qərarı ilə Fələstin Britaniya mandatı altına keçdi. Bundan sonra yəhudi mühacirəti daha da artdı, torpaq mülkiyyəti, siyasi təmsilçilik və milli gələcək məsələləri ətrafında gərginlik dərinləşdi…

1933-cü ildə Almaniyada Adolf Hitlerin hakimiyyətə gəlməsi və nasist antisemitizminin dövlət siyasətinə çevrilməsi yəhudilərin Fələstinə köçünü daha da artırdı.

İkinci Dünya müharibəsi zamanı 6 milyon yəhudinin Holokostda qətlə yetirilməsi isə insanlıq tarixinin ən dəhşətli cinayətlərindən biri oldu. Və yəhudilərin təhlükəsiz dövlətə sahib olmaq istəyinin tarixi səbəbləri bu faciə ilə daha da gücləndi.

Amma bir həqiqəti də deməliyik: Avropada yəhudilərə qarşı törədilən cinayətlərin əvəzini Fələstində yaşayan ərəb əhalisinin ödəməsi ədalətli deyildi…

1947-ci il: BMT Fələstini necə bölüşdürdü?..

1947-ci il noyabrın 29-da BMT Baş Assambleyası 181 (II) saylı qətnaməni qəbul etdi. Qətnamə Fələstinin ərəb və yəhudi dövlətlərinə bölünməsini, Qüdsün isə xüsusi beynəlxalq rejimə malik olmasını tövsiyə edirdi.

Yəhudi Agentliyi planı qəbul etdi. Ərəb tərəfi isə əhalinin say nisbəti, torpaq bölgüsü və siyasi hüquqlar baxımından ədalətsiz hesab etdiyi bu planı rədd etdi. Burada mühüm hüquqi detal var: 181 saylı qətnamə Baş Assambleyanın tövsiyəsi idi. Onu Fələstin əhalisinin razılığı ilə bağlanmış ikitərəfli müqavilə və ya avtomatik olaraq bütün ərazi üzərində suverenlik yaradan sənəd kimi təqdim etmək olmaz.

1948-ci il mayın 14-də isə İsrail dövlətinin yaradıldığı elan edildi. Ardınca ərəb-İsrail müharibəsi başladıldı. Müharibə nəticəsində təxminən 700 min fələstinli öz evindən didərgin düşdü. Fələstinlilər bu hadisəni “Nəkbə” – Böyük Fəlakət adlandırırlar.

Bütün bunların nəticəsində İsrail yəhudi xalqı üçün milli dövlətə çevrildi. Fələstinlilər isə öz dövlətçilik arzularının reallaşmaması, torpaq itkisi və qaçqınlıqla üzləşdilər. Məhz bu iki tarixi yaddaş bu gün də bir-birinə zidd siyasi narrativlərin əsasını təşkil edir…

İşğal olunmuş ərazilər və həllini tapmayan Fələstin problem…

1967-ci ilin Altıgünlük müharibəsi regionun siyasi xəritəsini yenidən dəyişdi. İsrail İordan çayının qərb sahilini, Şərqi Qüdsü, Qəzza zolağını, Sinay yarımadasını və Suriyanın Colan təpələrini nəzarətə götürdü. Sonradan Sinay Misirə qaytarıldı. Lakin digər ərazilərlə bağlı münaqişə davam etdi.

BMT Təhlükəsizlik Şurasının 242 saylı qətnaməsi müharibə yolu ilə ərazi əldə edilməsinin yolverilməzliyi prinsipini və regionda təhlükəsiz, tanınmış sərhədlər daxilində sülhü nəzərdə tuturdu.

İsrailin işğal olunmuş ərazilərdə yaşayış məntəqələri salması beynəlxalq hüququn mühüm mübahisə mövzularından birinə çevrildi…

Beynəlxalq Ədalət Məhkəməsi 19 iyul 2024-cü il tarixli məsləhət rəyində İsrailin işğal olunmuş Fələstin ərazilərində davam edən mövcudluğunun qanunsuz olduğu, işğalın mümkün qədər tez sona çatdırılmalı olduğu və yeni yaşayış məntəqələrinin salınmasının dayandırılmalı olduğu qənaətinə gəldi.

Bu rəy məcburi qərar deyil, BMT Baş Assambleyasının müraciəti əsasında verilmiş hüquqi məsləhət rəyidir. Bununla belə, beynəlxalq hüquq baxımından böyük əhəmiyyət daşıyır...

7 oktyabr 2023-cü il: terror hücumu və Qəzza faciəsi…

2023-cü il oktyabrın 7-də HƏMAS və digər fələstinli silahlı qruplar İsrailə hücum etdilər. Mülki insanların öldürülməsi, girov götürülməsi və mülki obyektlərə hücumlar qəbuledilməzdir. Bu hərəkətlərin heç biri Fələstin xalqının hüquqları ilə əsaslandırıla bilməz.

İsrail hökuməti hücumdan sonra Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatlara başladı. Nəticədə on minlərlə insan öldürüldü və yaralandı, yaşayış məntəqələri dağıdıldı, yüz minlərlə insan dəfələrlə evini tərk etmək məcburiyyətində qaldı. Humanitar yardımın çatdırılması və səhiyyə sisteminin fəaliyyəti ağır böhranla üzləşdi.

BMT İnsan Hüquqları Şurasının Müstəqil Beynəlxalq Araşdırma Komissiyası 19 iyun 2024-cü ildə yaydığı hesabatda həm HƏMAS və digər silahlı qrupların, həm də İsrail hakimiyyətinin hərəkətlərini araşdırdı.

Komissiya 7–8 oktyabr hücumları zamanı fələstinli silahlı qrupların müharibə cinayətləri törətdiyini, İsrail hakimiyyətinin isə Qəzzadakı hərbi əməliyyatları zamanı müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdığını bildirdi.

İsrailin mülki əhalini qorumaq öhdəliyi, humanitar yardımın təmin edilməsi və mütənasiblik prinsipi barədə ciddi hüquqi problemlər müəyyən edildi.

Burada bir şeyi aydın deyək: İsrailin vətəndaşlarını terror hücumlarından qorumaq hüququ var. Ancaq bu hüquq mülki əhalinin kollektiv cəzalandırılmasına, ərzaq və su təminatının qəsdən məhdudlaşdırılmasına və mülki insanların hədəfə alınmasına icazə vermir.

Eyni zamanda HƏMAS-ın mülki insanlara qarşı hücumları da heç bir siyasi və dini şüarla əsaslandırıla bilməz…

Qəzza qətliamları və İsrail rəhbərliyinə qarşı soyqırım ittihamları...

…Qəzzada İsrail ordusunun amansız bombardmanları və birbaşa dinc əhalinin qətliamlarıyla müşayiət olunan humanitar fəlakət beynəlxalq ictimaiyyətin ciddi reaksiyasına səbəb oldu və İsrail hökuməti, xüsusilə Baş nazir Benyamin Netanyahu soyqırım törətməkdə ittiham edildi. 2023-cü ilin dekabrında Cənubi Afrika Respublikası İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində Soyqırım Konvensiyasının pozulması iddiası ilə məhkəmə prosesi başlatdı. Məhkəmə 2024-cü ildə İsrailə qarşı müvəqqəti tədbirlər müəyyənləşdirdi və Rəfahdakı hərbi əməliyyatların müəyyən şərtlər daxilində dayandırılmasını tələb etdi, lakin həmin mərhələdə soyqırımın baş verdiyi barədə yekun hökm çıxarmadı. 2025-ci il sentyabrın 16-da isə BMT İnsan Hüquqları Şurasının yaratdığı Müstəqil Beynəlxalq Araşdırma Komissiyası İsrail hakimiyyətinin və təhlükəsizlik qüvvələrinin Qəzzada soyqırım törətdiyi qənaətinə gəldi, Baş nazir Benyamin Netanyahunu və digər yüksək vəzifəli şəxsləri soyqırıma təhrikdə ittiham etdi. Bundan əlavə, Beynəlxalq Cinayət Məhkəməsi 2024-cü il noyabrın 21-də Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində müharibə cinayətləri və insanlığa qarşı cinayətlər ittihamları ilə həbs orderləri verdi. Bununla belə, qeyd etmək vacibdir ki, Beynəlxalq Ədalət Məhkəməsində soyqırım işi hələ yekunlaşmayıb və Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderləri də birbaşa soyqırım ittihamı ilə bağlı deyil...

Qüds: üç dinin müqəddəs şəhəri…

Qüds yalnız siyasi mübahisə obyekti deyil. Bu şəhər müsəlmanlar, yəhudilər və xristianlar üçün müqəddəsdir. Müsəlmanlar üçün Əl-Əqsa məscidi, yəhudilər üçün Məbəd dağı və Qərb divarı, xristianlar üçün isə İsa Məsihin (ə.s.) həyatı ilə əlaqələndirilən müqəddəs məkanlar burada yerləşir. Əl-Əqsa müsəlmanların ilk qibləsi və İslamın üç müqəddəs məscidindən biridir.

Yəhudilərin müqəddəs məkanlarına çıxış və ibadət hüququ da təmin edilməlidir. Xristianların Müqəddəs Qəbir kilsəsində və digər ziyarət yerlərində ibadət etməsi də heç bir siyasi qüvvənin məhdudlaşdıracağı məsələ deyil.

Qüdsdə dini məkanların status-kvosunun qorunması, ibadət azadlığının təmin olunması və müqəddəs yerlərə çıxış imkanlarının siyasi münaqişənin girovuna çevrilməməsi vacibdir.

İsrail hakimiyyətinin də üzərinə düşən vəzifə bütün dini icmaların hüquqlarını bərabər şəkildə qorumaqdır.

İsrail rəhbərliyinin müsəlmanlara və xristianlara münasibətində nə düzgündür, nə səhv?..

Bu məsələyə emosional deyil, hüquqi və siyasi yanaşmaq lazımdır. İsrailin mülki əhalisini qorumaq, terror hücumlarının qarşısını almaq, ölkə daxilində müsəlman və xristian vətəndaşlarının dini azadlığını təmin etmək istiqamətində gördüyü qanuni tədbirlər dövlətin normal vəzifələridir.

Yəhudilərin, müsəlmanların və xristianların ibadət yerlərinin qorunması, dini icmaların fəaliyyətinə şərait yaradılması da müsbət addımlardır. Ancaq bunlar aşağıdakı problemləri aradan qaldırmır:

-İşğal olunmuş ərazilərdə fələstinlilərin öz müqəddəratını təyin etmək hüququnun məhdudlaşdırılması;

-İordan çayının qərb sahilində yaşayış məntəqələrinin genişləndirilməsi;

-Mülki əhalinin təhlükəsizliyinə zərər vuran hərbi əməliyyatlar;

-Qəzzada humanitar böhranın dərinləşməsi;

-Əl-Əqsa məscidinə giriş və ibadət hüququ ilə bağlı məhdudiyyətlər;

-Fələstinli xristianların öz dini məkanlarına və ibadət yerlərinə çıxışında yaranan problemlər;

-Dini və etnik ayrı-seçkilik iddiaları.

Bütün bunları İsrail xalqına və ya bütün yəhudilərə aid etmək olmaz. Söhbət konkret hökumət qərarlarından, dövlət siyasətindən və məsuliyyət daşıyan şəxslərdən gedir.

Eyni zamanda İsrail daxilində hökumətin siyasətini tənqid edən yəhudi vətəndaşlar, hüquq müdafiəçiləri, jurnalistlər və sülh fəalları da mövcuddur. Onların mövqeyini də görməzdən gəlmək olmaz…

Bəs bu gün sülh mümkündürmü?..

Zənnimizcə, mümkündür. Ancaq bunun üçün hər iki xalqın hüquqlarının tanınması lazımdır. İsrailin təhlükəsiz yaşamaq hüququ ilə Fələstinin müstəqil dövlət qurmaq hüququ bir-birinə zidd olmamalıdır.

İki dövlətli həll – İsrail və Fələstinin beynəlxalq səviyyədə tanınmış, təhlükəsiz sərhədlər daxilində yanaşı yaşaması – beynəlxalq diplomatiyanın əsas siyasi çərçivələrindən biridir.

Bunun üçün:

-İsrail işğal və məskunlaşma siyasətinə son qoymalıdır;

-Fələstinlilərin dövlətçilik hüququ reallaşmalıdır;

-Mülki əhaliyə qarşı terror və zorakılıq dayandırılmalıdır;

-Girovların azad olunması və humanitar yardımın maneəsiz çatdırılması təmin edilməlidir;

-Qüdsün müqəddəs məkanlarında dini hüquqlar qorunmalıdır;

-Hər iki xalqın təhlükəsizliyini təmin edən siyasi razılaşma əldə olunmalıdır.

Məhəmməd Peyğəmbərin (s.ə.s.) Mədinədə müxtəlif icmalar arasında ictimai nizam yaratmaq cəhdlərini xatırlayanda belə qənaətə gəlmək olar ki, fərqli dinlərin nümayəndələrinin bir yerdə yaşaması mümkündür. Bunun üçün ədalət, qarşılıqlı məsuliyyət və müqavilələrə əməl etmək lazımdır… Lakin bu gün regionda siyasi və hərbi maraqların dini şüarlardan istifadə etməklə təqdim olunması sülhün qarşısındakı əsas maneələrdəndir…

Növbəti hissədə isə “Vəd edilmiş torpaqlar” və “Böyük İsrail” ideyasının tarixi, konkret siyasi tərəfdarları, Türkiyə-İsrail münasibətlərinin son onilliklərdəki dəyişməsi və Azərbaycanın həm Türkiyə, həm də İsraillə münasibətlərinin geo-siyasi əhəmiyyəti barədə danışacağıq.

(Davamı III hissədə...)

Sultan Laçın

II hissənin əsas mənbələri:

World Zionist Organization – Birinci Sionist Konqresi və Bazel proqramı.

Balfour Declaration – 2 noyabr 1917.

BMT Baş Assambleyasının 181 (II) saylı qətnaməsi – 29 noyabr 1947.

BMT – Fələstin məsələsinin tarixi.

BMT İnsan Hüquqları Şurası – A/HRC/56/26, 2024.

Beynəlxalq Ədalət Məhkəməsi – 19 iyul 2024-cü il məsləhət rəyi.

Yad Vashem – Holokost tarixi.

Mark R. Cohen – Under Crescent and Cross.