Azərbaycanın xarici ticarətdən xalis gəliri 3,5 milyard manat azalıb

Azərbaycanda 2025-ci ildə mal və xidmətlərin xarici ticarəti üzrə müsbət saldo əhəmiyyətli dərəcədə azalıb. İxracın dəyərinin aşağı düşməsi və idxalın artması nəticəsində xalis ixrac əvvəlki illə müqayisədə 30 faizdən çox geriləyib.

Banker.az saytının verdiyi məlumata görə, 2025-ci ildə Azərbaycanın mal və xidmət ixracı 55 milyard 539,1 milyon manat təşkil edib. Bu, 2024-cü ildə qeydə alınmış 57 milyard 991,9 milyon manatla müqayisədə 4,2 faiz azdır.

Eyni dövrdə mal və xidmətlərin idxalı 46 milyard 476 milyon manatdan 47 milyard 516,1 milyon manata yüksəlib. Beləliklə, idxal nominal ifadədə 2,2 faiz artıb.

Nəticədə mal və xidmətlərin xalis ixracı 2024-cü ildəki 11 milyard 515,9 milyon manatdan 2025-ci ildə 8 milyard 23 milyon manata düşüb. Bir il ərzində azalma 3 milyard 492,9 milyon manat və ya 30,3 faiz təşkil edib.

Daha uzunmüddətli müqayisəyə əsasən, 2022-ci ildə Azərbaycanın mal və xidmət ixracı ilə idxalı arasındakı müsbət fərq 44,2 milyard manat idi. 2025-ci ildə isə bu göstərici 8 milyard manata qədər azalıb.

Xalis ixracın ümumi daxili məhsulda xüsusi çəkisi də 2024-cü ildəki 9,1 faizdən 2025-ci ildə 6,2 faizə enib.