Alkoqol bir çox insanların gündəlik həyat tərzinin bir hissəsini təşkil edir. Bəzi insanlarsa alkoqoldan qaçır. Daha doğrusu qaçmaq məcburiyyətində qalır.
Təsadüfi deyil ki, tez-tez belə fikirlər eşidirik ki, “filankəs içə bilmir”, “filankəsin bədəni içki götürmür”.
Maraqlıdır, niyə bəzi insanlar çox miqdarda spirtli içki qəbul edə bilir, bəziləri isə yox?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan terapevt Əfsanə Bayramova deyib ki, alkoqol bədənimizdə asetalhid deyilən zəhərli bir maddəyə çevrilir:
“Aldehid dehidrogenaza 2 deyilən fermentsə bu zəhərli maddəni parçalayır, neytrallaşdırır. “İçə bilmir” dediyiniz bəzi insanlarda Aldehid dehidrogenaza 2 fermenti zəif çalışır. Bu insanlar azacıq da olsa, spirtli içki qəbul edən kimi allergik reaksiya verir, bədənin müxtəlif yerlərində qırmızı səpkilər, ürəkbulanma, qusma, başgicəllənmə kimi zəhərlənmə- indoksikasiya kimi əlamətlər meydana çıxır. Çox təəssüf ki, cəmiyyət də bunu zəiflik kimi qəbul edir.
Təbii ki, həmin insanlar dostların qınağından qurtulmaq üçün təkrar-təkrar içki içməyə cəhd edirlər. Hər dəfə də eyni mənzərə ilə rastlaşırlar. Ona görə də içki məsələsində nə özünüz sərhədləri keçməyin, nə də Aldehid-dehidrogenaza 2 fermenti zəif çalışan insanları içki içməyə məcbur etməyin”.
Surxay Atakişiyev, Bizim.Media