Azərbaycanlılar hər 100 manatın cəmi 2 manat 40 qəpiyini kənara qoya bilir

Azərbaycanda əhalinin gəlir və xərcləri arasındakı fərq ötən il 2,16 milyard manat təşkil edib.

Banker.az Dövlət Statistika Komitəsinin “Azərbaycanın milli hesabları – 2026” məcmuəsinə istinadən xəbər verir ki, 2025-ci ildə əhalinin ümumi gəlirləri 89 milyard 916 milyon manat, xərcləri isə 87 milyard 755,9 milyon manat olub.

Beləliklə, gəlirlərlə xərclər arasındakı fərq, yəni əhalinin qənaət etdiyi vəsait 2 milyard 160,1 milyon manat təşkil edib. Bu, hər 100 manat gəlirin təxminən 2 manat 40 qəpiyinin xərclənmədən qaldığını göstərir.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə qənaətin əhalinin ümumi gəlirlərində payı 2,5 faiz, 2022-ci ildə isə 3,9 faiz olub.

Hesabat dövründə əhalinin gəlirləri nominal ifadədə 8 faiz, xərcləri 8,1 faiz, qənaəti isə 4 faiz artıb.

Qeyd edək ki, bu göstəricilər ölkə üzrə ümumi statistik mənzərəni əks etdirir və ayrı-ayrı ailələrin qənaət imkanlarını ifadə etmir.