Roma Papası XIV Leo ABŞ-də keçiriləcək aralıq seçkilərində poçt vasitəsilə səs verib. Bununla o, ABŞ-də seçkilərdə iştirak edən ilk Roma Papası kimi tarixə düşüb.
Bu barədə Vatikanın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ABŞ vətəndaşı olan Papa XIV Leo öz səsvermə hüququndan istifadə edərək Çikaqoya poçt vasitəsilə seçki bülleteni göndərib.
Vatikanın açıqlamasında pontifikin demokratik proseslərdə iştirakın həm hüquq, həm də vətəndaşlıq vəzifəsi olduğuna inandığı vurğulanıb.
Qeyd edək ki, əsl adı Robert Frensis Prevost olan XIV Leo 1955-ci ildə ABŞ-nin Çikaqo şəhərində anadan olub. O, həmçinin Peru vətəndaşlığına da malikdir və Vatikanın məlumatına görə, bu ölkədə yaşadığı müddətdə də seçkilərdə iştirak hüququndan yararlanıb.
ABŞ-də aralıq seçkiləri 2026-cı il noyabrın 3-də keçiriləcək. Seçkilərdə Nümayəndələr Palatasının bütün 435 üzvü, Senatın isə 35 üzvü müəyyənləşəcək. Bundan əlavə, 36 ştatda qubernator seçkiləri də baş tutacaq.
Xatırladaq ki, Vatikan Papanın hansı namizədlərə səs verdiyini açıqlamayıb.