Azərbaycanın 4 güləşçisi dünya çempionatında mübarizəyə başlayır

Azərbaycanın dörd sərbəst güləşçisi bu gün Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında çıxış edəcək.

1/16 final mərhələsində İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə qarşılaşacaq.

1/8 finalda Cəbrayıl Hacıyevin (79 kq) rəqibi iordaniyalı Erzo İsakov olacaq. Ali Tsokayev (92 kq) isə Domantas Pauliuşenko (Litva) – Redjep Haydari (Şimali Makedoniya) görüşünün qalibi ilə üz-üzə gələcək.

Bundan başqa, Giorgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda macarıstanlı Vladislav Baytsayevlə qarşılaşacaq. Arseniy Cioyev (86 kq) isə qızıl medal uğrunda ABŞ təmsilçisi Kayl Deyklə güləşəcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb