Gələn il işsizlikdən sığorta ödənişləri arta bilər

Sosial təminat sistemində işini itirən vətəndaşlara dəstək mexanizmləri mühüm yer tutur. İşsizlikdən sığorta ödənişinin məbləği isə sosial müavinətlərdən fərqli olaraq, əməkhaqqı ilə əlaqəlidir.

Gələn il gözlənilən əməkhaqqı artımları işsizlikdən sığorta ödənişlərinə necə təsir edəcəyi ilə bağlı deputat Vüqar Bayramov Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, işsizlikdən sığorta ödənişi qanunvericiliklə tənzimlənir və onun məbləği əməkhaqqı ilə birbaşa bağlıdır.

“İşsizlikdən sığorta ödənişi sosial müavinətlər kimi konkret sabit məbləğ deyil, əməkhaqqı ilə əlaqəli ödənişdir. Əməkhaqqı artdıqca işsizlikdən sığorta ödənişinin məbləği də arta bilər. Nəzərə alsaq ki, gələn il minimum əməkhaqqının artırılması gözlənilir və bunun nəticəsində təxminən 700 min vətəndaşımızın maaşında artım olacağı proqnozlaşdırılır, əməkhaqqındakı artımların işsizlikdən sığorta ödənişlərinə də təsirini görə bilərik. Çünki bu ödənişin məbləği əməkhaqqı ilə birbaşa bağlıdır”, – deyə o qeyd edib.

Vüqar Bayramov vurğulayıb ki, sosial müavinətlərlə işsizlikdən sığorta ödənişi fərqli anlayışlardır. Onun sözlərinə görə, sosial müavinətlər müəyyən edilmiş sabit məbləğlər əsasında ödənilir və müvafiq qərarlarla artırılır. İşsizlikdən sığorta ödənişi isə qanunvericiliklə müəyyən edilmiş şərtlər çərçivəsində və şəxsin əmək fəaliyyəti ilə bağlı göstəricilər nəzərə alınmaqla hesablanır.

Deputat əlavə edib ki, gələn il əməkhaqlarında artım baş verəcəyi təqdirdə, bu, işsizlikdən sığorta ödənişlərinin məbləğinə də təsir göstərə bilər.