Son 3 ildə bank olmayan kredit təşkilatlarının kreditləşmə sahəsində, özəlliklə gündəlik kreditlərdə sərtləşmə istiqamətində qərarlar veririk.
Ölkə.az-ın xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O bildirib ki, hər il ilin ikinci yarısında bununla bağlı sərtləşdirici tələblər gətirilir:
“Düşünürük ki, bu, əhaliyə lazım olmayan izafi borclanma yaradacaq. Bu il də faizlərin daha məqbul olması üçün bu sahədə sərtləşmələr gətirmək niyyətindəyik”.
AMB sədri deyib ki, bu kreditlərin faizlərinin adi kreditlərdən yüksək olması normaldır: “Çünki bəzi BOKT-lər krediti 45 gün ərzində tək şəxsiyyət vəsiqəsi ilə verirlər. Bu, bütün dünyada istifadə olunan kredit formasıdır, lakin biz onun çox genişlənməsini istəmirik”.
“Bu il gündəlik kreditlərə tətbiq edilən yuxarı faiz həddinin sərtləşdirilməsi nəzərdə tutulur. Biz hər il həmin tavan faizini sərtləşdiririk və həmin BOKT-lərə bu kreditləşmə formasının bizim üçün maraqlı olmadığını demişik.
Bunlar çoxdan verilmiş lisenziyalardır və biz onları dərhal dayandırmaq istəmirik, çünki bu, maliyyə institunun biznes modelinə təsir edəcək və maliyyə resurslarına çıxış kanalıdır. Mesajımız odur ki, biz gündəlik kreditləşmənin azalmasını gözləyirik. Bütün dünyada BOKT kreditlərinin faizi banklardan daha çoxdur, çünki orada daha az tələblər var ”, - deyə T. Kazımov əlavə edib.