Gəncə, 29 oktyabr, AZƏRTACGəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunmuş, “SOY Production” tərəfindən istehsal edilən “Düşmənə qarşı tək” qısametrajlı filminin təqdimat mərasimi keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.Təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, “SOY Production” şirkətinin rəhbəri, Əməkdar artist Dilarə Əliyeva, Milli Qəhrəman Natiq Qasımovun ailə üzvləri, şəhid ailələri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Dilarə Əliyeva çıxışında layihənin hazırlanması prosesindən bəhs edərək bildirib ki, süni intellekt texnologiyalarının imkanlarından istifadə edilməklə ərsəyə gətirilən film Milli Qəhrəman Natiq Qasımovun həyat və döyüş yolunu ekran vasitəsilə yenidən canlandırır. Bildirilib ki, ekran əsəri qəhrəmanımızın şücaətini daha geniş auditoriyaya çatdırmaq, onun əziz xatirəsini yaşatmaq və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək baxımından xüsusi əhəmiyyət daşıyır.Bayram Aslanov çıxışında Milli Qəhrəman Natiq Qasımovun göstərdiyi misilsiz qəhrəmanlığın xalqımızın yaddaşında daim yaşayacağını vurğulayıb. O qeyd edib ki, bu cür ekran əsərləri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində və qəhrəmanlarımızın tanıdılmasında mühüm rol oynayır.Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov çıxışında qardaşı ilə bağlı xatirələrini bölüşüb, onun Vətənə bağlılığından və göstərdiyi şücaətdən danışıb. O, qardaşının xatirəsinə göstərilən diqqətə, eləcə də onun həyat və döyüş yolunun ekranlaşdırılmasına görə filmin yaradıcı heyətinə minnətdarlığını bildirib.Daha sonra “Düşmənə qarşı tək” filmi nümayiş olunub.Qeyd edək ki, filmin layihə rəhbəri “SOY Production” şirkətinin rəhbəri, Əməkdar artist Dilarə Əliyeva, ssenari müəllifi süni intellekt üzrə mütəxəssis Sarvan Hüseyn, redaktoru isə Fariz Əliyevdir. Müxbir - Elcan Məmmədov
Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr olunan film nümayiş etdirilib
Mənbə: azertag.az/xeber/gencede_milli_qehreman_natiq_qasimova_hesr_olunan_film_numayis_etdirilib-4486218