Məmurların fəaliyyəti ilə bağlı yeni qanunun əsas məqsədi açıqlandı

“Maraqların toqquşması haqqında” qanun layihəsi dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, korrupsiya risklərinin azaldılması, vəzifəli şəxslərin məsuliyyətinin artırılması və cəmiyyətin dövlət institutlarına etimadının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev parlamentdə “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun fikrincə, bu qanun layihəsinin müzakirəsi zamanı əsas diqqət yalnız hüquqi normaların müəyyən edilməsinə deyil, həm də onların praktikada nə dərəcədə səmərəli işləyəcəyinə yönəlməlidir.

“Çünki qanunvericiliyin əsas məqsədi baş vermiş pozuntulara sonradan reaksiya verməklə kifayətlənmək deyil, həmin pozuntuların yaranmasına səbəb olan halları əvvəlcədən aradan qaldırmaqdır”, - A.Nağıyev vurğulayıb.

Komitə sədri əlavə edib ki, maraqların toqquşması dövlət vəzifəsini həyata keçirən şəxsin şəxsi maraqları ilə üzərinə götürdüyü xidməti vəzifələr arasında ziddiyyət yarandıqda və ya belə bir ziddiyyətin yaranması ehtimalı olduqda meydana çıxır:

“Bu, ilk növbədə, şəxsi maraqların ictimai mənafeyə üstün gəlməsinin qarşısını almaq məsələsidir.

Burada vacib bir məqamı vurğulamaq istəyirəm: maraqların toqquşması ilə korrupsiya eyni anlayışlar deyil. Maraqların toqquşması özlüyündə hər zaman cinayət demək deyil. Lakin onun düzgün idarə olunmaması korrupsiya üçün əlverişli şərait yarada bilər”.

A.Nağıyev bildirib ki, maraqların toqquşmasının əhatə dairəsi və anlayışların dəqiq müəyyən edilməsidir:

“Qanunda maraqların toqquşmasının hansı hallarda yarandığı, hansı şəxslərə şamil edildiyi və şəxsi maraqların hansı meyarlar əsasında qiymətləndiriləcəyi aydın göstərilməlidir.

Normativ müddəalar elə ifadə olunmalıdır ki, onların tətbiqində qeyri-müəyyənlik yaranmasın, eyni zamanda qanunun əhatə dairəsindən yayınmaq üçün hüquqi boşluqlar qalmasın.

Xüsusilə vəzifəli şəxslərin şəxsi, ailəvi, maliyyə və digər maraqlarının xidməti qərarlara təsir göstərə biləcəyi hallar nəzərə alınmalıdır.

İkinci məsələ - maraqların vaxtında bəyan edilməsi mexanizmidir.

Hesab edirəm ki, qanunun effektivliyini müəyyən edən əsas amillərdən biri məhz budur.

Vəzifəli şəxsin maraqların toqquşması ehtimalını müəyyən etdikdə hansı quruma, hansı müddətdə və hansı qaydada məlumat verməli olduğu qanunda aydın əksini tapmalıdır.

Bununla yanaşı, məlumatların qeydiyyatı, yoxlanılması, məxfiliyi və onlarla bağlı qərarların qəbul edilməsi üçün konkret prosedurlar müəyyən olunmalıdır.

Bu mexanizm formal xarakter daşımamalı, real nəticə verməlidir.

Üçüncü məsələ - maraqların toqquşmasının həlli yollarıdır.

Maraqların toqquşması müəyyən edildikdə hansı tədbirlərin görüləcəyi dəqiq bilinməlidir.

Belə tədbirlərə müvafiq qərarın qəbulunda iştirakın məhdudlaşdırılması, konkret məsələnin başqa səlahiyyətli şəxsə həvalə edilməsi və qanunvericilikdə nəzərdə tutulan digər vasitələr daxil ola bilər.

Əsas məqsəd hər hansı şəxsi əsassız şəkildə vəzifəsindən kənarlaşdırmaq deyil, qərarların obyektivliyini və ictimai mənafeyin qorunmasını təmin etməkdir.

Dördüncü məsələ - korrupsiya risklərinin azaldılması və nəzarət mexanizmləridir.

Maraqların toqquşmasının qarşısının alınması korrupsiyaya qarşı mübarizə sisteminin mühüm tərkib hissəsidir.

Beşinci məsələ - məsuliyyət və hüquqların qorunması arasında düzgün tarazlığın yaradılmasıdır.

Qanunun tələblərinin pozulmasına görə məsuliyyət mexanizmləri aydın və proporsional olmalıdır. Eyni zamanda, hər bir halın konkret şəraiti nəzərə alınmalı, qəsdən gizlətmə ilə bilmədən yaranmış və vaxtında açıqlanmış vəziyyətlər fərqləndirilməlidir.

Heç bir şəxs yalnız şübhə və ya təsdiqlənməmiş məlumat əsasında təqsirli hesab edilməməlidir. Araşdırmalar obyektiv aparılmalı, şəxslərin hüquqları qorunmalı və qərarlar qanuni əsaslara söykənməlidir.

Bu yanaşma həm qanunun aliliyinə, həm də onun tətbiqinə ictimai etimadın möhkəmlənməsinə xidmət edəcəkdir”.

A.Nağıyev hesab edir ki, bu qanun layihəsinin hazırlanması və müzakirəsi zamanı beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, Azərbaycanın hüquq sisteminin xüsusiyyətləri və mövcud idarəetmə mexanizmləri də nəzərə alınmalıdır:

“Yeni normalar mövcud qanunvericiliklə uzlaşdırılmalı, müxtəlif hüquqi aktlar arasında ziddiyyətlərə yol verilməməli və icra mexanizmləri əvvəlcədən aydın müəyyən edilməlidir.

Qanunun qəbulundan sonra onun tətbiqi ilə bağlı maarifləndirmə işlərinin aparılması, dövlət qurumlarının əməkdaşları üçün təlimlərin təşkili və praktiki metodiki tövsiyələrin hazırlanması da mühüm əhəmiyyət daşıyır.

Çünki qanunun uğurlu tətbiqi yalnız hüquqi normalardan deyil, həm də həmin normaların düzgün başa düşülməsindən və gündəlik fəaliyyətdə ardıcıl həyata keçirilməsindən asılıdır”.

Deputat əmin olduğunu bildirib ki, düzgün hazırlanmış və səmərəli tətbiq olunan hüquqi mexanizmlər dövlət idarəçiliyində şəffaflığın artırılmasına, korrupsiya risklərinin azaldılmasına və vətəndaşların dövlətə inamının gücləndirilməsinə mühüm töhfə verə bilər.