Qiymətli kağızların borc verilməsindən 0,3-0,5 faiz gəlir əldə olunur - AMB

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən qiymətli kağızların borc verilməsi əməliyyatları çərçivəsində hazırda 0,3-0,5 faiz səviyyəsində gəlirlilik hədəflənir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu əməliyyatların əsas məqsədi böyük həcmdə gəlir əldə etmək deyil, qiymətli kağızların saxlanılması ilə bağlı xərcləri qarşılamaq və əlavə gəlir əldə etməkdir.

"Bizim istiqamətimiz daha çox gəlir qazanmaq deyil. Məqsəd həmin aktivlərin saxlanılması ilə bağlı xərcləri qarşılamaq və əlavə olaraq müəyyən gəlir əldə etməkdir. Burada iri miqyaslı gəlirdən söhbət getmir. Qlobal təcrübədə gəlirlilik 0,3-0,4-0,5 faiz səviyyəsindədir. Qiymətli kağızların vəziyyətindən asılı olaraq bu göstərici maksimum 1 faizə qədər arta bilər", - deyə Taleh Kazımov qeyd edib.

AMB sədri bildirib ki, hazırda bu istiqamətdə əməliyyatların 1 milyard manat həcmində davam etdirilməsi nəzərdə tutulur.

"Hazırda 1 milyard manat üzərindən davam edəcək. Biz qiymətli kağızlara investisiya edirik, repo əməliyyatlarından gəlir əldə edirik. Lakin həmin qiymətli kağızların saxlanılması ilə bağlı kustodian xərcləri var. Əksər hallarda bu mexanizmdən istifadə olunur ki, əldə etdiyimiz faiz gəlirlərinə əlavə olaraq 0,3-0,5 faiz spred qazana bilək. Bu, qiymətli kağızların borc verilməsi yolu ilə həyata keçirilir və gəlirlilik onların həcminə də bağlıdır", - deyə AMB sədri vurğulayıb.

T.Kazımov əlavə edib ki, bu mexanizm Mərkəzi Bankın aktiv və ehtiyatlarının idarə olunması çərçivəsində istifadə etdiyi alətlərdən biridir.

"1 milyard manat həcmində vəsaitə icazə verilib ki, kustodian mexanizmindən istifadə etsin", - deyə o bildirib.