Azərbaycan Mərkəzi Bankı (AMB) hazırda geniş pul kütləsinin artımının inflyasiyaya təsiri ilə bağlı ciddi narahatlıq görmür. Bank sektorunda kreditləşmənin kəskin artımı müşahidə olunmur və inflyasiya riskləri nəzarət altında saxlanılır.
Trend-in tməlumatına görə, bunu AMB-nin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, pul kütləsinin genişlənməsinin inflyasiyaya təsirində bankların cəlb etdikləri vəsaitlərdən istifadə etməklə kreditləşməni artırması mühüm amillərdən biridir. Lakin hazırda bu istiqamətdə kəskin artım qeydə alınmır.
“Hazırkı vəziyyət bizi narahat etmir. Çünki kreditləşmənin artımı ilə pul kütləsinin genişlənməsinin inflyasiyaya təsiri, əsasən, bankların cəlb etdikləri vəsaitlər hesabına kreditləşməni artırması ilə bağlıdır. Burada kəskin artımlar müşahidə etmirik”, – deyə T.Kazımov qeyd edib.
AMB sədri vurğulayıb ki, bank sektorunda əhəmiyyətli həcmdə sərbəst vəsait mövcuddur. Onun sözlərinə görə, bankların sərəncamında olan və mövcud normativ tələblərin pozulmasına səbəb olmadan kreditləşməyə yönəldilə biləcək vəsaitlər olsa da, bu imkanlardan tam istifadə edilmir.
“Biz likvidliyi idarə etməyə çalışırıq. Bank sektorunda 6 milyard manata yaxın sərbəst vəsait var. Banklar bu vəsaitləri mövcud tələbləri pozmadan kreditləşməyə yönəldə bilərlər, lakin hazırda həmin vəsaitlərdən tam istifadə olunmur”, – deyə o bildirib.
T.Kazımov əlavə edib ki, mövcud şəraitdə geniş pul kütləsinin artımından qaynaqlanan inflyasiya təzyiqləri ilə bağlı ciddi narahatlıq yoxdur və vəziyyət Mərkəzi Bankın nəzarəti altındadır.
T.Kazımov deyib ki, Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinə dair sentyabrın 23-də qəbul etdiyi qərarın təsirlərini tam qiymətləndirmək üçün hələ tezdir. Bununla belə, qərardan sonra banklararası bazarda aktivliyin artması müşahidə olunur.
Onun sözlərinə görə, qərarın qəbulundan sonra təxminən bir ay keçib və bu müddət nəticələrin tam qiymətləndirilməsi üçün kifayət deyil.
AMB sədri bildirib ki, qərarın əsas məqsədi banklararası bazarı daha da aktivləşdirmək və bankların bu bazarda iştirakını artırmaqdır.
T.Kazımov əlavə edib ki, hazırda banklararası bazarda əlavə tədbirlərin görülməsi nəzərdə tutulmur.
Ərzaq inflyasiyasına toxunan AMB sədri qeyd edib ki, bu sahədə qiymət artımına qarşı Mərkəzi Bankın birbaşa müdaxilə imkanları məhduddur, çünki proseslər əsasən qlobal amillərlə bağlıdır. Bununla yanaşı, qiymət dinamikasının təhlili zamanı kənd təsərrüfatı məhsullarının qiymətləri də nəzərə alınır.