Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa başlayıb.
Bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
Onun sözlərinə görə, qızın anası yenidən ailə qurduqdan və evdə körpə dünyaya gəldikdən sonra yeniyetməyə münasibət pisləşib. İddialara əsasən, qız mütəmadi olaraq fiziki və psixoloji zorakılığa məruz qalıb.
Vəziyyətdən narahat olan bibiləri uşağı qorumaq üçün dəfələrlə müdaxilə etməyə çalışıblar. Lakin nəticə əldə olunmadığından aidiyyəti dövlət qurumlarına müraciət ediblər. Araşdırmadan sonra qız anasının yanından götürülərək sığınacağa yerləşdirilib.
Mehriban Zeynalova bildirib ki, sığınacağa gətirildikdən sonra da qız təhdidlərlə üzləşib və qorxu içində yaşamağa davam edib. O, indiyədək məktəbə getməyib. Hazırda isə sığınacaqda əlifbanı öyrənir və təhsilə başlayır.
Yaşadığı çətinliklərə baxmayaraq, 14 yaşlı qızın gülümsəməyi unutmadığı qeyd olunub.