Özbəkistan MDB-nin antiinhisar qurumlarının fəaliyyəti üçün 3 əsas istiqamət təklif edib

MDB dövlətlərinin antiinhisar orqanları rəqəmsal platformaların tənzimlənməsi, birja hərraclarının monitorinqi və transsərhəd tədarüklərə nəzarət daxil olmaqla, bir neçə prioritet istiqamət üzrə praktiki əməkdaşlığı gücləndirməlidir.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verri ki, bunu Özbəkistanın Rəqabət Siyasəti və İstehlakçı Hüquqları üzrə Tədqiqat Mərkəzinin direktoru Olimjon Jumayev MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasında deyib.

"Birinci istiqamət birja hərraclarının təhlili, iştirakçıların əlaqələndirilmiş fəaliyyətinin aşkarlanması, başlanğıc qiymətlərin əsassız şəkildə artırılmasının qiymətləndirilməsi və satınalma prosedurlarının konsentrasiyasına dair metodoloji yanaşmaların mübadiləsi ilə bağlıdır. Bu işin praktiki nəticəsi milli qurumlar tərəfindən tətbiq edilən pozuntu əlamətlərinin və onların qeydə alınması metodlarının sistemləşdirilməsi ola bilər.

İkinci istiqamət antiinhisar, gömrük orqanları və əqli mülkiyyətin qorunmasına cavabdeh olan qurumlar arasında koordinasiyaya diqqət yetirilməklə, orijinal məhsulların transsərhəd tədarükü sahəsində məhdudiyyətlərin təhlilinə dair yanaşmaların ekspertlər səviyyəsində müzakirəsini nəzərdə tutur", - O. Jumayev qeyd edib.

Onun sözlərinə görə, üçüncü istiqamət rəqəmsal platformaların tənzimlənməsi təcrübələrinin müqayisəli təhlilinə və araşdırmalar zamanı analitik alqoritmlərdən istifadəyə aiddir.

"Xüsusilə baza məlumatlarının keyfiyyətinə və alqoritmik olaraq aşkar edilmiş pozuntu əlamətlərinin yoxlanılmasına xüsusi diqqət yetirilməsi təklif olunur", - o əlavə edib.

O.Jumayev vurğulayıb ki, komitə informasiya təhlükəsizliyi tələblərinə riayət etməklə və öz səlahiyyətləri daxilində qeyd olunan istiqamətlər üzrə materialları təqdim etməyə hazır olduğunu bildirir.

"Belə bir ekspert fəaliyyəti əldə olunmuş milli təcrübədən Birlik dövlətlərində müvafiq işlərin araşdırılması zamanı istifadə etməyə imkan verəcək", - o qeyd edib.