Qışda niyə şirniyyata daha çox meyl edirik?

Qışda şirniyyata meyl gün işığının müddəti və serotoninin səviyyəsinin azalması ilə izah olunur.

"Lenta.ru"ya istinadla, bu barədə rusiyalı həkim Olqa Vasütkova danışıb.

Onun sözlərinə görə, soyuq mövsümdə gün işığının və D vitamininin çatışmazlığı əhval-ruhiyyəyə, gümrahlığa və toxluq hissinə cavabdeh olan serotoninin istehsalını azaldır.

Mütəxəssis qışda müşahidə olunan apatiyanı, iş qabiliyyətinin azalmasını və passiv istirahətə meyli məhz bununla izah edib.

O.Vasütkovanın fikrincə, şirniyyatlar beyində serotoninin səviyyəsini sürətlə artıraraq qısamüddətli rahatlıq hissi yaradır. Bu səbəbdən insanda yaxşı əhval-ruhiyyə ilə şirniyyat yemək arasında qısa müddətdə psixoloji əlaqə formalaşır. Bu isə stressi yeməklə aradan qaldırmaq vərdişinə çevrilə bilər.

Həkim həmçinin xatırladıb ki, soyuq havalarda iştahanın artması təkamül prosesində formalaşıb. Yağlı qidalar da daxil olmaqla, bol qida qəbulu uzaq əcdadlarımıza qışı keçirməyə kömək edib. Buna görə də o, gündə üç dəfə qidalanmağı və daha çox açıq havada olmağı tövsiyə edib.