Polşada Konstitusiya Məhkəməsi zorla ələ keçirildi - Navrotski

Bu gecə Varşavada ölkənin ali məhkəmə orqanlarından biri olan Konstitusiya Tribunalı zorla ələ keçirilib.

Bu barədə Polşa Prezidenti Karol Navrotski bildirib.

"Bu gecə Polşa Respublikasında ictimai asayiş pozulub və konstitusion dövlət orqanı zor gücünə ələ keçirilib. Mən Ali Məhkəmənin birinci sədri, hakim Zbiqnev Kapinski ilə məsləhətləşmələr apardım. O da Konstitusiya Tribunalında hakimiyyəti qəsb edən şəxslərin hərəkətlərini qanuni hesab etmir", - o, mitinq iştirakçıları qarşısında çıxış edərkən deyib.

Navrotski hüquq qaydasını bərpa etməyə, güc strukturları əməkdaşlarını isə Konstitusiya Tribunalının ərazisini tərk etməyə çağırıb.

Qeyd edək ki, Polşada Konstitusiya Tribunalı ətrafında gərginlik oktyabrın ortalarından davam edir. Mübahisələrin əsas səbəblərindən biri hakimlərin təyin olunması və andiçmə proseduru ilə bağlı hökumətlə prezident arasında yaranmış fikir ayrılığıdır.

Oktyabrın 16-da prokurorluq əməkdaşları da polis müşayiəti ilə Tribunalın binasına gələrək araşdırma çərçivəsində sənədləri və müşahidə kameralarının görüntülərini əldə ediblər. Tribunal rəhbərliyi həmin müdaxiləni qanunsuz hesab etsə də, tələb olunan materialları könüllü təqdim edib.