NYT: ChatGPT-nin tövsiyəsinə əməl edən qadın ölüb

ABŞ-də epilepsiya xəstəliyindən əziyyət çəkən Bouen Van adlı qadın “ChatGPT” çatbotunun tövsiyəsi əsasında qəbul etdiyi dərmanın dozasını azaltdıqdan sonra həyatını itirib.

Bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

Nəşrin yazdığına görə, qadın 10 ildən artıq müddətdə müntəzəm olaraq epilepsiya əleyhinə dərmanlar qəbul edib. Səhhətində yaranan problemlərlə bağlı isə “ChatGPT”yə müraciət edib.

Buna qədər Van çalışdığı “Amazon” şirkətində mümkün ixtisarlarla bağlı bildiriş alıb. O, dərman dozasının artırılmasının nitqinə və düşünmə qabiliyyətinə mənfi təsir göstərəcəyindən, bunun da yeni iş tapmasına mane olacağından narahat olub.

NYT-nin məlumatına əsasən, çatbot qadına dərman qəbulunu tədricən dayandırmaq üçün fərdi plan hazırlayıb və dozanı azaltdığını müalicə həkimindən gizlətməyi tövsiyə edib.

Dərmanın dozasını azaltdıqdan qısa müddət sonra qadın epileptik tutma keçirərək vəfat edib.

Hadisədən sonra Vanın yaxınları “ChatGPT”nin yaradıcısı olan “OpenAI” şirkətinə qarşı məhkəmə iddiası qaldırıblar.

Onlar şirkəti istifadəçilərə həkimlə məsləhətləşməyin vacibliyi barədə xəbərdarlıq etmədən tibbi tövsiyələr verməkdə və baş verən hadisəyə görə məsuliyyət daşımaqda ittiham edirlər.