Azərbaycanda rəsmi gəliri olmayan və kiçik bizneslə məşğul olan şəxslərin kreditləşməyə cəlb edilməsi üçün böyük potensial var.
Bunu Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyətinin üzvü Eynar Abdullayev "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən "12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" adlı konfransında deyib.
Onun sözlərinə görə, mikromaliyyə təşkilatları ənənəvi bank kreditlərinə çıxış imkanları məhdud olan mikro bizneslərə, özünüməşğul şəxslərə və rəsmi əmək müqaviləsi olmadan gəlir əldə edən müştərilərə daha çox fokuslanmalıdır.
"Rəqəmlərə baxsaq, hazırda Azərbaycanda kreditləşmənin həcmi təxminən 27-30 milyard manat arasındadır. Bu, ümumi daxili məhsulumuzun təxminən 30 %-ni təşkil edir. Lakin bu sahədə hələ də kifayət qədər böyük boşluqlar var", – E.Abdullayev bildirib.
O qeyd edib ki, mövcud kredit portfelinin böyük hissəsi, ehtimal ki, rəsmi gəliri olan və ödəmə qabiliyyəti yüksək müştərilərə yönəlib. E.Abdullayev hesab edir ki, bununla yanaşı, kreditləşmədən kənarda qalan geniş müştəri seqmenti mövcuddur.
"Burada söhbət rəsmi əmək müqaviləsi olmayan, maaş şəklində gəlir əldə etməsə də, faktiki gəliri formalaşan şəxslərdən, kiçik bizneslərdən və özünüməşğul əhalidən gedir", – o vurğulayıb.
AzFina rəsmisinin fikrincə, bu müştərilərin maliyyə xidmətlərinə çıxışının genişləndirilməsində bank olmayan kredit təşkilatları (BOKT) və fintex şirkətləri mühüm rol oynaya bilərlər.
O bildirib ki, bu istiqamətdə konkret niş seqmentlərin müəyyənləşdirilməsi, onların ehtiyaclarının və potensialının daha dərindən araşdırılması yeni kreditləşmə imkanlarının yaradılmasına şərait yarada bilər.