“Qaz vurub, qazan dolduran” DÜNYA KİNOSU: Bizdə niyə o “əjdahadan yoxdur”?

“Yalnız kommersiyaya xidmət edən filmlərlə dünya kino sferasında yarışa bilmərik. Gəlir əldə etmək üçün öz tamaşaçı potensialımız da say etibarı ilə çox azdır.”

Bunu açıqlamasında tanınmış rejissor Namiq Ağayev deyib.

O, “Dünya kinosunda filmlərdən külli miqdarda qazanc əldə olunur, bəs bizim filmlər niyə qazanc gətirmir?” sualına belə cavab verib:

“İlk növbədə keyfiyyətli film barədə düşünmək lazımdır ki, digər ölkələrin kino bazarına daxil ola bilək. Yalnız kommersiya məqsədli filmlər çəkmək şərt deyil. İki parametr mütləqdir: həm bədii keyfiyyəti olan, həm də kommersiya məqsədli, yəni satış təminatı olan filmlər çəkilməlidir. Bu da hazırda mümkünsüz görünür, çünki rəsmi kino industriyamız darmadağın vəziyyətdədir. Rəsmi kino istehsalatı yenidən qurulur, amma hələ də yekunlaşmır. Burada böyük ümid yeri də görmürəm.

Qalır özəl kino sektoru. Orada da maliyyə problemi yaşanır, insanlar çox çətinliklə nəsə yaratmağa çalışırlar. Seriallara cüzi məbləğdə vəsait ayrılır, ucuz işçi qüvvəsi ilə ortaya bir iş çıxarmağa cəhd edirlər. Hələ ki kino sahəsində vəziyyət ümidsizdir. Nisbətən serial industriyası inkişaf edir.”