Avtobusda "Stop" düyməsini yersiz basan sərnişinlər cərimələnə bilərmi?

Bir çox sərnişin avtobuslar hərəkətdə olarkən stop düyməsindən istifadə edir. Bu hal bəzən qəsdən, bəzən isə bilmədən baş verir. Nəticədə sürücünün diqqətinin yayınmasına səbəb olur.

Maraqlıdır, bəs stop düyməsindən yersiz istifadənin qarşısını necə almaq olar? Bu cür hallara görə cərimə tətbiq edilməsi mümkündürmü?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd edib ki, bu, artıq insanların davranış mədəniyyəti ilə bağlı məsələdir: “Sərnişinlər zərurət olmadığı halda avtobusdakı dayanma düyməsini basmamalıdırlar. Onlar bilməlidirlər ki, avtobus dayanacaqda saxlayır. Həmin düymə sürücünün dayanacağı keçib getdiyi halda istifadə olunmaq üçün nəzərdə tutulub. Belə vəziyyətdə düyməyə basmaqla sürücüyə dayanmaq lazım olduğu bildirilir.

Əgər sürücü onsuz da dayanacaqda saxlayacaqsa, düyməni əvvəlcədən dəfələrlə basmağın mənası yoxdur. Bu, sürücünün diqqətini yayındıra və onda gərginlik yarada bilər”.

Ekspertin sözlərinə görə, sürücülərin vəzifələri olduğu kimi, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin də öhdəlikləri var: “Buna görə də sərnişinlərin öz vəzifələrini bilməsi və onlara əməl etməsi, zərurət olmadığı halda bu cür hərəkətlərə yol verməməsi vacibdir.

Bəzən müşahidə edirik ki, sərnişinlərlə sürücülər arasında mübahisələr də baş verir. Bu baxımdan sürücülərin də öz vəzifələrini düzgün yerinə yetirməsi, sərnişinlərlə münasibətdə diqqətli və məsuliyyətli davranması vacibdir”.