"Pfizer" qalmaqalı böyüyür: Ursula fon der Lyayen prokurorluğa niyə ifadə vermir?

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen COVID-19 pandemiyası dövründə “Pfizer” vaksinlərinin satın alınması ilə bağlı iş üzrə hələ də Avropa İttifaqının Baş Prokurorluğuna (EPPO) ifadə verməyib.

Bu barədə “Politico” mənbəyə istinadən məlumat yayıb.

EPPO araşdırmaya hələ 2024-cü ildə başlayıb. Nəşrin tanış olduğu sənədlərə əsasən, prokurorluq fon der Lyayen barəsində “dövlət vəzifələrinin icrasına müdaxilə, SMS yazışmalarının məhv edilməsi, korrupsiya və maraqlar toqquşması” ittihamları üzrə araşdırma aparır.

EPPO-nun rəhbəri Laura Kövesi səlahiyyət müddətinin oktyabrın 30-da başa çatacağını nəzərə alaraq nəşrə bildirib ki, qurumun fəaliyyəti dövründə dəfələrlə ifadə vermək üçün çağırılan, lakin gəlməkdən imtina edən Aİ nümayəndələri ilə qarşılaşıb:

“Bəzi siyasətçilər özlərini qanundan üstün hesab edirlər. Əgər ifadə vermək üçün çağırılırsınızsa, gəlməyə borclusunuz”. Bununla belə, Kövesi konkret işlər barədə şərh verməkdən imtina edib.

Qeyd edək ki, 2021-ci ildə “The New York Times” nəşri Aİ ilə əczaçılıq şirkəti “Pfizer” arasında COVID-19-a qarşı 900 milyon doza vaksin alınması ilə bağlı müqavilənin bağlanması zamanı pozuntulara yol verildiyini üzə çıxarıb. Müqavilə fon der Lyayenin təşəbbüsü ilə imzalanıb.

O, razılaşmanın təfərrüatını şirkətin rəhbəri Albert Burla ilə şəxsi yazışmalar və telefon danışıqları vasitəsilə müzakirə edib. Nəzarət orqanları həmin yazışmaların açıqlanmasını tələb etdikdə isə Avropa Komissiyasının rəhbəri mesajların itdiyini bildirib.