Ramiz Mehdiyev ikinci oldu...

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması barədə qərar qəbul edib. Buna səbəb kimi onun müstəqil dövlətimizə xəyanət etməsi, konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd göstərməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyri-qanuni sərvətlər əldə etməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilməsi əsas göstərilib.

Ölkə.az-ın xəbərinə görə, o, akademiyanın həqiqi üzvlüyündən çıxarılan ikinci akademikdir.

Daha öncə, 2007-ci ildə sabiq səhiyyə naziri Əli İnsanov AMEA-nın həqiqi üzvlüyündən xaric olunmuşdu. Buna səbəb kimi Ə.İnsanovun Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin (hazırda Ağır Cinayətlər Məhkəməsi) hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilməsi göstərilmişdi. O, Cinayət Məcəlləsinin 179.3.2, 306.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3. və 313-cü maddələri ilə təqsirli bilinmişdi.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Ramiz Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib.

Hökmdə, həmçinin, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.

Ramiz Mehdiyevin əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.