Baş Prokurorluq oktyabrın 19-da Türkiyənin 7 vətəndaşına cinayət işi açıb, məhkəmə qərarları ilə onların barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarış elan olunub. Həmin şəxslər Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlarda, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınmasında, dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılmasında təqsirləndirilir.
Oktyabrın 21-də isə Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına salıb, onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulub. Rəsmi açıqlamaya görə, həmin şəxslər müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamalar yayıblar.
Son günlər Türkiyə mediasında Azərbaycana qarşı fəaliyyət göstərən bəzi şəxslərin polisə çağırıldığı, onlardan izahat alındığı haqda məlumatlar yayılır.
İndiyədək dörd nəfərdən izahat alındığı xəbər verilib. Onlardan üçünün adı açıqlanıb: Məhəmməd Əmin Yıldırım, Əhməd Sapa, Fatih Erşahin.
Bu adamların yalnız biri - Məhəmməd Əmin Yıldırım Xarici İşlər Nazirliyinin qara siyahısındadır.
Amma mediada yayılan xəbərlərdə qalan şəxslərin də polisdə eyni məsələyə - Azərbaycana qarşı fəaliyyətlərinə görə izahat verdiyi vurğulanır.
Medianews.az bildirir ki, başqa məqam da var: adı ictimaiyyətə açıqlanmış hər üç şəxs eyni dəstənin - “Köklü Değişim”in nümayəndəsidir. “Köklü Değişim” media qrupudur, bu adda jurnal da buraxır.
Amma dəstənin kökü daha dərinlərə gedib çıxır. “Köklü Değişim” islam dünyasında mövcud milli sərhədləri və dünyəvi sistemləri rədd edən, bütün müsəlmanları bir dövlət - “Rəşidi xilafəti” altında toplamağı hədəfləyən bir cərəyandır. Bu cərəyanın üzvləri hər şeyə yalnız ehkamçı nöqteyi-nəzərdən yanaşırlar.
“Köklü Değişim” “Hizb ut-Təhrir” qruplaşmasının Türkiyədəki qoludur. “Hizb ut-Təhrir” beynəlxalq miqyasda radikal islamçı və xilafət tərəfdarı olan bir qruplaşma kimi tanınır və bir çox ölkədə fəaliyyəti qadağan edilib. Onun qadağan edildiyi ölkələrdən biri də Türkiyədir.
Amma 2018-ci ildən bəri “Hizb ut-Təhrir”in Türkiyədəki statusu bir qədər fərqlidir.
Türkiyə Ali Məhkəməsi (Yargıtay) ölkənin dünyəvi və demokratik konstitusiya quruluşunu yıxaraq yerində xilafət dövləti qurmağı hədəfləyən “Hizb ut-Təhrir”i rəsmən silahsız terror təşkilatı kimi tanıyır və fəaliyyətini yasaqlayır. Lakin 2018-ci ildən bəri Türkiyə Konstitusiya Məhkəməsi “Hizb ut-Təhrir”çilərin bəzilərinin müraciətlərinə fərdi qaydada baxarkən aşağı instansiya məhkəmələrinin cəza kəsən vaxt konkret hüquqi əsaslandırma aparmadığı və bununla da ədalətli mühakimə hüququnu pozduğu qənaətinə gəlib. Beləliklə, Konstitusiya Məhkəməsi ilə Ali Məhkəmə və digər məhkəmə instansiyaları arasındakı faktiki ixtilaf ortaya çıxıb. Buna baxmayaraq hüquq-mühafizə orqanları Ali Məhkəmənin qərarlarını rəhbər tutur və qruplaşma üzvlərinə qarşı terrorla mübarizə qanunvericiliyi çərçivəsində əməliyyatlar, həbslər keçirir. Rəsmi qurumlar bu təşkilata məxsus internet resursları və media orqanlarını mütəmadi bloklayır. Ancaq qrup üzvləri “Hizb ut-Təhrir” adı əvəzinə “Köklü Değişim” adı altında gizlənərək leqal jurnal buraxmağa, dərnəklər açmağa, ictimai aksiyalar keçirməyə nail ola biliblər. Yəni “Köklü Değişim” adı altında gizlənən “Hizb ut-Təhrir”çilər son illər Türkiyədəki hüquqi boşluqlardan sui-istifadə etməyi bacarırlar.
2026-cı il oktyabrın 13-də Azərbaycanın Türkiyədəki diplomatik təmsilçilikləri önündə keçirilən, Azərbaycanın “Rəşidi xilafəti”nə daxil olması çağırışlarının yer aldığı aksiyaların da təşkilatçısı məhz “Köklü Değişim”çilər, daha dəqiqi, “Hizb ut-Təhrir”çilərdir.
Son günlər Türkiyədə polisdə izahatı alınan Məhəmməd Əmin Yıldırım “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul təmsilçisidir.
Əhməd Sapa “Köklü Değişim”in Hatay şəhərində təmsilçisidir.
Fatih Erşahin isə "Köklü Değişim” gənclərindən biri” kimi tanınır, onun Azərbaycanın diplomatik təmsilçilikləri önündə keçirilən aksiyaların təşkilatçılarından olduğu deyilir.
Türkiyə mediası, konkret olaraq “Sözcü” qəzeti Azərbaycana qarşı fəaliyyətinə görə polisdə izahatı alınan, adı hələlik ictimaiyyətə açıqlanmamış dördüncü adamın da “Hizb ut-Təhrir”çi olduğunu yazır.
Azərbaycanın 31 nəfərlik siyahısında “Köklü Değişim” media qrupunun daha bir yazarı var - Hakkı Eren.
Ümumiyyətlə, siyahının qalan “qəhrəmanları” da ehkamçı islamın təmsilçiləri, tək Azərbaycanda yox, bütün müsəlman ölkələrində, o cümlədən Türkiyədə dünyəvi dövlət quruluşunun əleyhdarları, xilafət “aşiqləri”dir.