Avropa İttifaqı (Aİ) Karib hövzəsinin beş ölkəsindən investisiya müqabilində vətəndaşlıq verilməsi proqramlarının dayandırılması ilə bağlı noyabrın 12-dək qərar verməyi gözləyir. Əks halda, həmin ölkələrin vətəndaşlarının Şengen zonasına vizasız səfər imkanları məhdudlaşdırıla bilər.
Bu barədə Antiqua və Barbudanın baş naziri Qaston Braun oktyabrın 24-də açıqlama verib.
Məsələ Antiqua və Barbuda, Dominika, Qrenada, Sent-Kits və Nevis, eləcə də Sent-Lüsiyaya aiddir. Bu ölkələr xarici investorlara müəyyən məbləğdə sərmayə yatırmaq və ya dövlət fondlarına vəsait ödəmək müqabilində vətəndaşlıq əldə etmək imkanı yaradır.
Avropa İttifaqı həmin ölkələr qarşısında iki seçim qoyub: investisiya ilə vətəndaşlıq proqramlarını mərhələli şəkildə dayandırmaq və Şengen zonasına vizasız gediş-gəlişi qorumaq, yaxud proqramları davam etdirərək vizasız rejimin itirilməsi riski ilə üzləşmək.
Beynəlxalq investisiya miqrasiyası sahəsində ixtisaslaşan “IMI Daily” nəşrinin məlumatına görə, Antiqua və Barbuda hökuməti birinci varianta üstünlük verməyə meyillidir.
Baş nazir Qaston Braun bildirib ki, hökumət daxilində ilkin müzakirələr keçirilsə də, yekun qərar qəbul olunmayıb.
Onun sözlərinə görə, hazırkı müzakirələr proqramın dayandırılması ehtimalının yüksək olduğunu göstərir.
Lakin noyabrın 12-si bütün “qızıl pasport” proqramlarının bağlanacağı tarix deyil.
Avropa Komissiyası hələ iyunun 25-də göndərdiyi məktubda beş ölkədən proqramları 1 iyun 2028-ci ilədək mərhələli şəkildə dayandırmağı tələb etmişdi.
Beləliklə, ölkələr proqramların dayandırılması öhdəliyini qəbul etdikləri halda, keçid dövründən istifadə edə bilərlər. Bununla belə, yeni müraciətlərin nə vaxt dayandırılacağı və artıq müraciət etmiş investorların taleyi hələ dəqiqləşdirilməyib.
Aİ-nin narahatlığı investisiya müqabilində pasport alan şəxslərin təhlükəsizlik yoxlamaları və onların Şengen zonasına vizasız daxil olması ilə bağlıdır.
Bu proqramlar isə Karib ölkələri üçün mühüm büdcə gəliri mənbəyidir. Bəzi ölkələrdə vətəndaşlıq satışından əldə olunan gəlirlər dövlət maliyyəsində böyük paya malikdir.
Qeyd edək ki, 2025-ci ilin sonunda qüvvəyə minmiş yeni Aİ qaydaları investisiya müqabilində vətəndaşlıq proqramının mövcudluğunu belə vizasız rejimin dayandırılması üçün hüquqi əsas hesab etməyə imkan verir.