171 qurğudan 110-da işlər yekunlaşır – Şirvan suvarma kanalından YENİ XƏBƏR

Şirvan suvarma kanalının yenidən qurulması layihəsi çərçivəsində nəzərdə tutulan 171 hidrotexniki qurğudan 110-da tamamlama işləri aparılır.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev Bizim.Media-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə layihə çərçivəsində yeni kanalın 163,3 kilometrlik hissəsinin dəmir-beton üzlüklə, 18 kilometrlik hissəsinin monolit beton üzlüklə, 23 kilometrlik hissəsinin isə torpaq kanal şəklində inşası nəzərdə tutulur.

Hazırda 204 kilometrlik kanalın 134 kilometrində qazıntı işləri görülüb, 113 kilometrlik hissəsi beton üzlüyə alınıb. Layihənin 2027-ci ildə tamamlanması planlaşdırılır.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyev 2024-cü il aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub.

Alçina Amilqızı, Bizim.Media