Səbinə Hacıyeva: Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır

Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır.

Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanı" adlı paneldə deyib.

O qeyd edib ki, cəmiyyətlər daxilində parçalanmaların artdığı bir dövrdə mədəniyyətlərarası dialoq əvvəlkindən daha böyük əhəmiyyət daşıyır:

"Bu dialoq insanlara bir-birini dinləmək, fərqli baxışları bölüşmək, stereotipləri aradan qaldırmaq və qarşılıqlı anlaşmanı gücləndirmək imkanı yaradır. Muzeylər və tarixi irs məkanları bu prosesdə özünəməxsus rol oynayır. Əvvəllər əsasən keçmişin qorunması və təqdim edilməsi ilə məşğul olan bu müəssisələr hazırda öyrənmə, iştirakçılıq və insanlar arasında ünsiyyət üçün dinamik məkanlara çevrilir. Əsas məqsədimiz muzeylərin və irs məkanlarının yalnız tarixin təqdim olunduğu yerlər deyil, həm də dialoqun aparıldığı, fərqli mədəni təcrübələrin bölüşüldüyü məkanlar olmasını təmin etməkdir”.

Səbinə Hacıyeva bildirib ki, Azərbaycandakı muzeylər ölkənin zəngin mədəni irsini nümayiş etdirmək, mədəni mübadiləni təşviq etmək və ictimaiyyətin bu prosesdə iştirakını genişləndirmək üçün mühüm imkanlar yaradır: "Hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində 144 muzey fəaliyyət göstərir və bu muzeylərdə 1,2 milyondan çox eksponat qorunur".

S.Hacıyeva onu da əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda məscidlərin bərpası həyata keçirilir.