Bakı, 28 oktyabr, AZƏRTACBu gün mədəniyyətlərarası dialoqa və onun tərkib hissəsi kimi dinlərarası dialoqa yanaşsaq, Bakı dünyanın mərkəzidir. Azərbaycan isə bu prosesdə lokomotiv funksiyasını yerinə yetirir, yəni əsas aparıcı qüvvədir. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.O bildirib ki, ölkəmizdə keçirilən Mədəniyyətlərarası Dialoq Forumu artıq ənənəvi xarakter alıb. Forum çərçivəsində keçirilən panellərdən biri də dinlərarası dialoqa həsr olunub. "Biz dinlərarası dialoqa ortaq gələcək naminə yol xəritəsi kimi yanaşırıq. Bu gün dünyadakı reallıq ondan ibarətdir ki, onlarla, bəlkə də yüzlərlə inanc, yüzlərlə məzhəb və təriqət var. Amma insanların hələ ki, yaşaya biləcəyi yeganə bir planet var – o da Yer kürəsidir. Deməli, biz müxtəlif inanclara, məzhəblərə və qruplara mənsub olsaq da, bir Yer kürəsində yaşayırıq. Birgə yaşamağımız üçün isə dialoq olduqca əhəmiyyətlidir", - deyə o qeyd edib. Fotomüxbir - Azər İbrahimov Operator - Ceyhun Mustafayev