Bakı dinlərarası dialoqun əsas mərkəzlərindən biridir - Gündüz İsmayılov

Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoq prosesinin fəal iştirakçısından əsas təşkilatçılarından birinə çevrilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu prosesdə fəal iştirak edib, son 20 ildə isə dialoq təşəbbüslərinin təşkilində aparıcı mövqe qazanıb.

“Bu gün mədəniyyətlərarası və onun tərkib hissəsi olan dinlərarası dialoq prosesində Bakı dünyanın mərkəzi, Azərbaycan isə bu prosesin lokomotivi funksiyasını yerinə yetirir”, – deyə G.İsmayılov bildirib.

Komitə sədrinin müavini qeyd edib ki, forum çərçivəsində keçirilən panellərdən birinin dinlərarası dialoqa həsr olunması ortaq gələcəyin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, müxtəlif din və məzhəblərə mənsub insanların eyni planetdə sülh şəraitində yaşaması üçün dialoq vacibdir.

G.İsmayılov dini fərqlərin qabardılmasının bəzi hallarda etnik, dini və məzhəb zəminində münaqişələrə gətirib çıxardığını vurğulayıb. O, islamofobiya, ksenofobiya və antisemitizmlə mübarizədə tarixi birgəyaşayış nümunələrinin əhəmiyyətini diqqətə çatdırıb.

“Azərbaycanın geosiyasi mövqeyi, siyasi-iqtisadi resursları, eyni zamanda tarixi ənənələri bu prosesdə aparıcı qüvvəyə çevrilməsinə imkan verir”, – deyə o əlavə edib.

G.İsmayılov Azərbaycanda müxtəlif məzhəblərə mənsub müsəlmanların eyni məsciddə, eyni imamın arxasında vəhdət namazı qılmasını məzhəblərarası münasibətlərin nümunəsi kimi göstərib. Bildirib ki, vəhdət namazları həm Bakıda, həm də bölgələrdə qılınır.

O, paytaxtda sinaqoqların, Arxangel Mixail kilsəsinin və Təzəpir məscidinin bir-birinə yaxın ərazidə yerləşməsini də Azərbaycanın dini birgəyaşayış ənənələrinin göstəricisi kimi qiymətləndirib.

“Bu, yeni nailiyyət deyil, Azərbaycan xalqının tarixi nailiyyətidir. Onu qoruyub saxlamaq isə Azərbaycan dövlətinin siyasətidir”, – deyə G.İsmayılov vurğulayıb.