“Rusiya ilə ABŞ arasında “dizel sazişi” yeni razılaşmalar üçün yol aça bilər. Bunlara gübrələr, qaz, dondurulmuş aktivlər, eləcə də ayrı-ayrı Rusiya vətəndaşlarına və qurumlarına qarşı sanksiyaların ləğvi daxildir”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Hesab edirəm ki, “dizel sazişi” ruslar üçün növbəti oxşar addımların atılması imkanlarını açır. Söhbət həm də gübrələrdən, qazdan, dondurulmuş aktivlərdən, habelə sanksiyaların ləğv edilə biləcəyi digər şəxslərdən və qurumlardan gedir”, - o qeyd edib.
Zelenski xatırladıb ki, artıq Rusiya Prezidenti Vladimir Putinə yaxın oliqarxlara qarşı sanksiyalar ləğv edilib. Onun sözlərinə görə, enerji resursları Rusiyanın ABŞ-yə təklifinin bir hissəsidir.
“Rusiya başa düşür ki, dünyanın digər ölkələrindən fərqli olaraq, onun elə təbii resursları, imkanları və ehtiyatları var, üstəlik, bütün bunlar üzərində elə şaquli idarəetmə sistemi mövcuddur ki, ABŞ-yə özünəməxsus “iqtisadi nikah” təklif edə bilər - nə qədər xoşagəlməz səslənsə də. Çətin ki, belə bir “nikah” uzunmüddətli perspektivdə ABŞ üçün sərfəli olsun. Çünki Rusiyanın hər bir razılaşmasında ilk baxışdan görünməyən hansısa xoşagəlməz məqam var. Amma qısa müddətdə müəyyən faydalar əldə etmək mümkün olduğu təəssüratı yarana bilər”, - Volodimir Zelenski vurğulayıb.